Vətəndaş cəmiyyətinin təmsilçiləri problemlərin həllini güman edirlər
Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Vətəndaş cəmiyyətinin möhkəmləndirilməsində QHT-hökumət dialoqu” mövzusunda keçirilən tədbirdə nədən danışılıb?
Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov öz açıqlamasında ictimai fəaliyyətlə bağlı problemlərin həllinə Azərbaycan hökumətinin daim diqqət göstərdiyini və onların həllinə çalışdığını vurğulayıb. O, QHT-lərin qarşılaşdığı çətinliklərin müzakirə predmeti olmasını və onların həlli yolunda atılan addımların vətəndaş cəmiyyətinin inkişafına müsbət təsir göstərəcəyinə ümidvar olduğunu bildirib.
Bir sıra QHT rəhbərləri bu görüşü müsbət qiymətləndirib. Qeyd ediblər ki, bundan sonra QHT sahəsində irəliləyişlər və müsbət dəyişikliklər olacaq. Bəs görüşlə bağlı QHT-in ümumi təəssüratı nədir?
Dilarə Əliyeva adına Qadın Hüquqlarının Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu məlum görüşü yüksək qiymətləndirir: “Bütün güclü QHT-lər həmin tədbirdə idilər. Birinci dəfə idi ki, QHT-ə belə bir status verildi. Prezident Aparatının rəsmisi ilə ilk dəfə idi ki, belə açıq söhbət oldu. QHT-lər də öz dərdlərini dedilər. Bu, çox təqdirəlayiqdir. Biz istəyərdik ki, 4-5 aydan bir belə görüşlər keçirilsin. Əli Həsənov dedi ki, çalışacağıq sizin məsələlərin hamısını həll edək. Bizim monitorinq qrupu hesab edir ki, bu, çox yaxşı və vacib bir görüş idi. Bu, Azərbaycan üçün irəliyə doğru bir addımdır. Avropaya göstərək ki, Azərbaycanda hansısa işlər görülür.”
N. Cəfəroğlu gələcəkdə görüləcək yeniliklərdən də danışıb: “Ola bilər ki, bundan sonra qeydiyyat məsələsində bir dəyişiklik olsun. Biz hesab edirik ki, rayonlara gedəndə insanlar əziyyət çəkirlər. Bu problem aradan qaldırılacaq. Bundan sonra QHT-in işindən hamı xəbərdar olacaqdır. Rayonlarda treninqlər keçiriləndə televiziya, yerli qəzetlər işıqlandırsın ki, hansı QHT, hansı regionda nə iş görür. Bunların hamısı çox vacib məsələlərdir. Hesab edirik ki, 2013-cü ildə seçkiqabağı bunların hamısı yerinə yetirilsə, böyük uğurlar ola bilər. Bundan başqa, biz istəyərdik ki, siyasi partiyalarla da görüşlər olsun”.
QHT təmsilçisi qeyd edib ki, görüşdə məhkəmələr haqqında çox söz deyilib. QHT-in status məsələsini də toxunulub. “Bu, çox vacibdir. İndiyə qədər QHT-rə yuxarıdan aşağı baxırdılar. Amma bilsinlər ki, QHT-in işi heç də siyasi partiyaların, jurnalistlərin işindən aşağı deyil. Vətəndaş cəmiyyəti quruculuğunda QHT-lər əsas rol oynayır”, – deyə N. Cəfəroğlu bildirib.
Azad İstehlakçılar birliyinin sədri Eyyub Hüseynov isə görüşü belə şərh edib:
“Əli Həsənovun çıxışı Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğunda atılan yeni bir addımdır. Azərbaycanda yalnız qarşıya qoyduğu məsələlərlə məşğul olan QHT-nin səsi dövlət orqanlarında birmənalı olaraq eşidilir. Azad İstehlakçılar Birliyi 1997-ci ildə yaranandan sonra dövlətin siyasətinə təsir etdi. 2009-cu ildə istehlakçı hüquqlarını qoruyan dövlət qurumu yarandı. Bu onu göstərir ki, ölkədə vətəndaş cəmiyyətinin səsi eşidilir. Dünyanın az ölkəsində bu, baş verir. Mən tədbirlərdə dəfələrlə demişəm ki, Azərbaycanda sağlam niyyətlə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının səsi dövlət orqanlarında eşidilir. Ona da əməl olunur. Azərbaycanda QHT-in öz problemləri var. Ciddi problemlərdən biri heç də QHT- dövlət problemi deyil”. E. Hüseynovun hazırda QHT-də yaşanan problemlər barəsində məlumat verib: “Birinci, QHT-in bir çoxu siyasi partiyalara xidmət edir və siyasi uğursuzluğa məruz qalmış insanların çox böyük hissəsi QHT-də yerləşir. Orda da öz siyasi ambisiyalarını yerinə yetirirlər. Bunu qanun da qadağan edir və həmin adamlara üzümü tutub deyirəm ki, ya siyasətlə məşğul olun, ya da vətəndaş cəmiyyəti quruculuğu ilə məşğul olun. İkinci, onlar siyasi ambisiyalarla vətəndaş cəmiyyətinin qoyduğu məsələləri qarışdırırlar. Bununla da QHT mühitində çox anormal bir vəziyyət əmələ gəlir. Üçüncü, QHT-nin nizamnaməsində nəzərdə tutulmayan məsələlərlə məşğul olmaqdır”.
Daha sonra E. Hüseynov qeyd edib: “Azad İstehlakçılar Birliyi olaraq, kütləvi təşkilat olaraq, hökumətin siyasətinə təsir edə-edə gedirik və bundan sonra da hökumət bizim səsimizi daha yaxşı eşidəcək. Mən müsbət dəyişikliklər gözləyirəm. Düşünürəm ki, təsirimiz altında qanun qəbul olunacaq. Bundan sonra istehlakçıların tibbi müəssisələrdə hüquqlarının pozulması və yaxud keyfiiyyətli tibbi xidmət əldə etməyəndə onun pulunun geri qaytarılması olacaq və s.”.
Hərbi Araşdırmalar mərkəzinin sədri Cəsur Sumərinli də bu görüşü yüksək qiymətləndirdiyini qeyd edib: “Bu görüşü yüksək qiymətləndirirəm. Orada lazım olan problemlər, təkliflər açıqlandı. Vətəndaş cəmiyyətinin inkişafında dövlət strukturları ilə bağlı problemlər var. Problemlər açıqlandı. Dövlət rəsmisi bütün problemləri qeydə aldı. Bu fikirlər ona yönəlmişdir ki, yaxın gələcəkdə dövlət QHT problemlərini nəzərə alacaq və problemlər həllini tapacaq. Vətəndaş cəmiyyətinin inkişafı sahəsində müsbət dəyişikliklər ortaya çıxacaq. Bu fikirlər yaxşı fikirlərdir, sadəcə inam lazımdır. Görüşdə bildirdim ki, sorğularımıza cavab verilmir, tədbirlərimizə gəlmirlər”.
C. Sümərinlinin sözlərinə görə, siyasət hakimiyyət nəhayət ki, vətəndaş cəmiyyətinin problemlərinin həllini istəyir. “Ümid edirəm ki, yeniliklər olacaq. Ümid edirəm ki, bu görüşdən sonra artıq dövlət strukturlarına bir göstəriş veriləcək ki, QHT-lə əməkdaşlığı gücləndirsinlər. Amma nə qədər reallaşacağını demək hələ tezdir”.
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev də bundan sonra QHT sahəsində dəyişikliklərin olacağını bildirib. “Bu QHT hökumət arasında dialoqun görüşməsinə kömək edəcək bir tədbir oldu. Çünki bundan əvvəl də artıq 2007-ci ildən Azərbaycan hökuməti tərəfindən vətəndaş cəmiyyətinə münasibətin dəyişməsini göstərən mühüm bir sənəd qəbul olundu. QHT-ə dövlət dəstəyi konsepsiyası qəbul olundu. Daha sonra Prezident Yanında Dövlət Dəstəyi Şurası yaradıldı. Bütün bunlar onu göstərirdi ki, hökumətin vətəndaş cəmiyyəti sektorunun əsas predmeti olan münasibəti tamam dəyişmişdi. Bu, sadəcə olaraq, bu proqramın və konsepsiyanın yaradılması ilə kifayətlənmədi, eyni zamanda digər qəbul edilən dövlət proqramlarında da əsas partnyor, tərəfdaş kimi vətəndaş cəmiyyəti, QHT, media göstərməyə başladı. Şübhəsiz ki, bu sənədlər qəbul olunmuşdur, amma bəzi dövlət orqanlarında QHT- lərlə münasibətdə ehtiyatlı yanaşma var idi. Müəyyən stereotiplər mövcud idi. Onların aradan qaldırılmasında hesab edirəm ki, görüşün də mühüm rolu olacaqdır. Çünki Əli müəllim dediyi kimi, bu, ölkə prezidentinin birbaşa göstərişi əsasında həyata keçirilən bir tədbiri idi. Vətəndaş cəmiyyətinin bütün piqmenti ora yığışmışdır. Və hər kəs üçün də açıq dialoq, fikirlərini söyləmək üçün bir imkan var idi. Hər kəsdə fikirlərini söylədi. Təsəvvür edin ki, 90 QHT ora toplaşmışdı. 32 çıxış oldu. Müxtəlif təkliflər səsləndirdi. Bütövlükdə 86 təklif səsləndi. Düşünürəm ki, hazırda həmin təkliflər üzərində işlər başlanmışdır. Və çox yaxın vaxtlarda orada təklif olunan fikirlərlə bağlı qanunvericilikdə dəyişikliklərin edilməsi gözlənilir. Eyni zamanda praktikada əhəmiyyətli dəyişikliklərin baş verməsinin şahidi olmasına mən inanıram. İnanıram ki, vətəndaş cəmiyyəti QHT daha fəal sürətdə həyata keçirilən siyasəti daha fal surətdə iştirak etmək imkanları genişlənəcək. Bundan səmərəli istifadə etmək imkanı qazanacağıq”, – deyə Ə. Nuriyev bildirib.
“Düşünürəm ki, dünənki görüş bu kimi təzahürlərin aradan qaldırılmasında böyük rol oynayacaqdır. Digər görüşlər üçün də əsas rol oynayacaqdır. Vətəndaş cəmiyyətinin dayanıqlı inkişafını təmin etmək üçün hər şeydən əvvəl onun maliyyə, iqtisadi dayaqlarının möhkəmlənməsinə ehtiyac vardır. Qeydiyyat problemlərinin həll edilməsi sürətləndirilməlidir. Daha fərqləndirilmiş qeydiyyat prosesinə keçmək vacib olan məsələdir. Eyni zamanda vətəndaş cəmiyyətinin QHT-lər üçün, onların kommunal xidmətlərdən istifadəsi, eyni zamanda onların fəaliyyətlərini inkişaf etdirməklə bağlı güzəştli şərtlərin nəzərdə tutulmasına ehtiyac var. İstər idarə müqaviləsinin bağlanması prosesinə, istərsə də onların qərargahla təmin edilməsi, istərsə də bir sıra kommunal xidmətlərdən istifadə ilə bağlı, vergi işinin azaldılması çox vacib olan məsələdir. Özəl sektorla münasibətlərdə yeni bir imkanın yaranmasına kömək edə bilər bu görüşmə. Eyni zamanda artıq özəl sektor da vətəndaş cəmiyyətindən çəkinməməlidir. Onunla birgə fəaliyyət qurmağa çalışmalıdır. Bu gün vətəndaş cəmiyyətinin özəl sektora nə qədər ehtiyacı varsa, onunda vətəndaş cəmiyyətinə ehtiyacı var. Ümumiyyətlə, sektorlar arası münasibətin inkişafına bu görüş kömək edəcəkdir”, –deyə Ə. Nuriyev qeyd edib.
Nihadə Eyyubova