Modern.az

Heyvan adlarından düzələn rus soyadları

Heyvan adlarından düzələn rus soyadları

4 İyul 2012, 10:08

Nailə Xəndan: “Ruslar yeganə xalqdır ki, onlarda həşərat adları olan soyadlar var”

Bir çox xalqlarda flora və fauna aləminin adlarının insan adlarına və soyadlarına köçürülməsinə normal hal kimi baxılır. Məsələn, rus mədəniyyətində Sokolov, Zaytsev, Lebedev, Medvedev, Kozlov, Volkov kimi soyadları mövcuddur.  Azərbaycan cəmiyyətində belə adlara rast gəlinirmi? Mövcud olduğu halda onun yaranma səbəbləri nədir? Ümumiyyətlə, flora və fauna aləminin insanın adlarına köçürülməsi nə dərəcədə doğrudur?

Modern.az-a açıqlamasında Bakı Slavyan Universitetinin Müasir rus dili kafedrasının dosenti Fəzahir Hüseynov bildirdi: “Bu suala ümumiləşmiş cavab vermək mümkün deyil. Bu suala etimologiya ilə, arxiv materiallarla tanış olaraq, cavab vermək olar. Hər bir xalqın flora və fauna aləminə özünəməxsus assosiasiyası var. Soyadla bağlı məsələ də təsadüfi deyil. Bu bir elmdir, onu tədqiq etmək lazımdır. Belə bir mövzuya hər kəs bir cür şərh verə bilər. Burada bir fakt var ki, hər bir xalqın öz dünyagörüşü, öz etnik assosiyasiyaları var”. 

Fəzahir Hüseynov qeyd etdi ki, Azərbaycan dilindəki kimi sözlərdə leksik və məcazi mənalardaki assosiyasiyalar rus dilində yoxdur. “Bu məsələ məhz məcazi mənalardakı assosiyasiyalarla bağlıdır. Məsələn, maral (olen) sözü, leksik mənaca eyni olsa da, məcazi mənada müxtəlif dillərdə müxtəlif məna daşıyır. Ruslarda “Spokoynoy noçi malışı” verilişi var, baş personaj donuz Xryuşadır. Bu onlarda normal qəbul olunur. Bizdə donuzu ekrana çıxartsaq, gülərlər, amma dovşanı əsas personaj kimi qəbul edə bilərlər”.

Milli Məclisin mədəniyyət komitəsinin sədri Nizami Cəfərov məsələyə bu cür aydınlıq gətirdi: “Bu cür soyadların ən geniş yayıldığı bölgə daha çox Şərq slavyanları qrupunda rus, belarus, ukrayna dil qrupundadır. Medvedev, Volkov, Lısin kimi soyadların işlənməsi daha çox heyvan totemlərinə inamla bağlıdır. Ruslarda bu cür soyadların işlənməsi tarixən estetik məna daşıyıb. Bizdə adlarda “Aslan” kimi bu cür adlara rast gəlinsə də, soyadlarda bu hallara az rast gəlinir”.

Komitə sədri ad və soyadlarda bu cür fərqin olmasının səbəbi kimi hər bir millətin müxtəlif assosiyasiyalara müxtəlif baxış nöqtəsi olduğu ilə izah etdi: “Medvedev soyadının mənası bizdə çox kobud səslənə bilər, ancaq ruslarda nəhəng, güclü mənasını ifadə edir”.

Klassik rus ədəbiyyatı kafedrasının dosenti Nailə Xəndan ruslarda əvvəlcə soyadların necə yaranması səbəblərinə aydınlıq gətirdi: “Əvvəllər ruslarda soyad  olmayıb, insanlar atalarına görə tanınırdılar, “İvan” deyəndə “hansı İvan?” deyərdilər. “Pyotrun oğlu İvan (Petrovsın)”. İkinci peşəylə bağlı familiyalar verilirdi; dəmirçioğlu(kuznets), çarıqçı (sapojnikov). Üçüncü fərqli səbəblərdən heyvanlardan, flora, fauna aləmindən alınırdı”.

Heyvanlar aləminin adları ilə insanların adlandırılmasının səbəblərinə gəlincə isə, rus ədəbiyyatı kafedrasının dosentinin sözlərinə görə, xarakter oxşarlığı ilə heyvan adları ilə insanların adlandırılmasında xarakter də rol oynaya bilər, amma əsas səciyyəvi cəhət kimi götürülə bilməz, bunların səbəbləri müxtəlif ola bilər. Kafedranın dosenti əlavə etdi ki,rus bədii əsərlərində ad, soyadlar  əsasən təsadüfi qoyulmayıb: “Rus əsərlərində Sobakeviç, Manilov, Koroboçka kimi ad və familiyalar məna kəsb edən idi. Onların iç dünyasını açırdı. Amma bu o demək deyil ki, bütün bu qoyulan soyadlar  və adlar xarakterinə görə və ya oxşamağına görə qoyulub”. N. Xəndan sonda əlavə etdi ki, rus xalqı yeganə xalqdır ki, onlarda Tarakanov, Mışkin, Komsarov kimi heyvan və həşəratların adları olan soyadlar var.

Aygün Asifqızı

Whatsapp
Bizə yazın!
Keçid et
İsrail İranın nüvə reaktoruna ZƏRBƏLƏR ENDİRİB