Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu gün respublikanın 13 şəhər və rayonunda təkrar buraxılış imtahanları keçirəcək. TQDK-nın mətbuat xidmətindən Modern.az-a verillən məlumata görə, Bakı, Gəncə, Tovuz, Sumqayıt, Yevlax, Şəki, Zaqatala, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran Masallı və Xaçmazda keçiriləcəkdir.
Komissiyadan bildirilib ki, imtahanda aşağıda qeyd olunan kateqoriyadan olan şagirdlər iştirak edəcəklər:
-üzrlü səbəbdən (səhhəti, ailə vəziyyəti, təbii fəlakətin baş verməsi) TQDK tərəfindən keçirilmiş buraxılış imtahanlarında iştirak edə bilməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş ümumi orta və tam orta təhsil səviyyələrinin buraxılış sinif şagirdləri
-tam orta təhsil səviyyəsini əvvəlki dərs illərində başa vuran, lakin buraxılış imtahanına buraxılmayan və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər
-əvvəlki illərdə imtahanda iştirak etməyən və təkrar imtahanda iştirak etmək üçün nəzərdə tutulmuş vaxtadək müraciət etmiş şagirdlər
-əvvəlki illərdə buraxılış imtahanında ana dili və riyaziyyat fənlərinin hər ikisi üzrə qeyri-kafi qiymət alan, o cümlədən eksternat qaydasında bu il attestasiyada iştirak etmək üçün təhsil aldıqları təhsil müəssisələrinə müraciət etmiş və imtahana buraxılması haqqında həmin təhsil müəssisəsi tərəfindən yaradılan xüsusi komissiya tərəfindən qərar qəbul edilən şagirdlər.
Qeyd edək ki, bu gün keçiriləcək buraxılış imtahanlarında ümumilikdə 4529 (4382 XI sinif şagirdi , 147 nəfər isə IX sinif şagirdi) şagirdin iştirakı gözlənilir. İmtahanların keçirilməsi üçün ümumilikdə 15 imtahan mərkəzi ayrılmışdır. İmtahan prosesini idarə etmək üçün 35 imtahan rəhəbəri, 344 nəfər isə zal nəzarətçisi cəlb olunub.
Xatırladaq ki, bütün imtahan mərkəzlərində buraxılış imtahanları eyni vaxtda saat 13:00-da başlayacaq.
Anar RÜSTƏMOV