Gənclər və idman naziri Azad Rəhimov bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, sabah Bakıda Səadət sarayının təmirdən sonra açılış mərasimi keçiriləcək. Nazir sarayın müasir təchizatla təmin olunub. A.Rəhimovun sözlərinə görə, saray binası 9-10 bal gücündə zəlzələyə davamlıdır.
Məşhur milyonçu Murtuza Muxtarovun 20-ci əsrin əvvəllərində Bakıda inşa etdirdiyi Səadət sarayının təmirinə 2007-ci ildən başlanmışdı.
Rəsmi məlumata görə, Səadət sarayının təmiri üçün 36 milyon manat vəsait ayrılıb. Qeyd edək ki, Səadət sarayının təmiri Gənclər və İdman Nazirliyinin sifarişi ilə aparılır. Bərpa işlərinə İtaliya və Serbiyadan olan mütəxəssislər cəlb edilib. Sarayın zədələnməməsi üçün fasad əl üsulu ilə təmizlənib. İşıqlandırma məqsədilə burada 240 ədəd xüsusi çıraqdan istifadə olunub. Binanın qış bağı və rəqs zalı müxtəlif çiçəklər və dekorativ bitkilərlə bəzədilib. Su kəməri və kanalizasiya sistemi tamamilə yenilənib. Bina isə bütünlüklə kompüterləşdirilir.
Uzun illərdir Səadət sarayı kimi fəaliyyət göstərən bu bina vaxtilə milyonçu Murtuza Muxtarovun həyat yoldaşı Liza Turqanovaya hədiyyəsi olub. Həyat yoldaşının Venesiyadakı saraya heyranlığını görən Murtuza Muxtarov Bakıda da belə bir binanın inşasına qərar verib.