Sülhəddin Əkbər: “Putin Saakaşvilini devirmək üçün yeni üsul tapıb”
Putinin yenidən prezident seçilməsindən sonra Rusiya ilə Gürcüstan arasında vəziyyət daha da gərginləşib. Cənubi Qafqaz ölkələrini öz nəzarətində saxlamağa çalışan Rusiya hakimiyyəti Gürcüstanın qərbə meyl etməsindən qəzəblənərək, bir sıra kampaniyalara başlayıb. Prezident Saakaşvilinin hakmiyyətini qəbul etməyən və zaman-zaman ona qarşı ittihamlar səsləndirən Putin rəqibini yeni metodla vurmağa cəhd göstərir. Qarşıdan Gürcüstanda parlament seçkiləri gəldiyini nəzərə alınsa, vəziyyətin daha da gərginləşəcəyi gözlənilir.
Regionda baş verən hadisələri ekspert Sülhəddin Əkbər Modern.az-a şərh edib. S.Əkbər Rusiyanın regionda devirmək istədiyi liderləri hansı üsullarla məhv etməsindən danışıb. Bildirib ki, Rusiya hazırda Gürcüstan prezidetini devirmək üçün ona “dəli” damğası vurmağa çalışır.
“Regionda son zamanlar baş verənlər göstərir ki, Rusiya Saakaşvilini açıq şəkildə devirmək istəyir. Saakaşvilinin ABŞ-a, Türkiyəyə və ümumiyyətlə NATO-ya yaxınlığını Rusiya həzm edə bilmir. Təbii ki, Putin də Gürcüstan hakimiyyətini, Saakaşvilini devirmək niyyətindədir. Putin Rusiyanın ənənəvi strategiyasından istifadə edərək Saakaşvilini psixoloji durumunun normal olmaması kimi iddialarla devirməyə cəhd edir. Rusiya tarixən bu üsullardan dəfələrlə istifadə edib. Bu dəfəki hədəf isə Saakaşvilidir”, - deyə S.Əkbər qeyd edib.
ACP sədri bildirib ki, Rusiya Gürcüstanda parlament seçkiləri öncəsi vəziyyəti gərginləşdirməyə çalışacaq:
“Qeyd edim ki, qarşıdan Gürcüstanda parlament seçkiləri gəlir. Gürcüstanda Rusiyanın dəstəklədiyi müxalif qüvvələrlə iqtidar arasında ciddi mübarizə gedir. Rusiya açıq şəkildə Gürcüstan müxalifətinə dəstək verir. Regionda vəziyyətin daha da gərginləşəcəyi ehtimal olunur”.
Tarixən qonşuluğunda güclü dövlət görmək istəməyən Rusiya ona tabe olmayan liderləri devirmək strategiyası yürütməklə məşğul olub. Xüsusən də, Rusiya 20 il bundan öncə Cənubi Qafqazda əldən verdiyi iqtidarı yenidən geriyə qaytarmağa çalışır. Məlumdur ki, Ermənistan birbaşa Rusiyanın himayəsində olduğu üçün bu ölkə onların bir dediyini iki etmir. Rusiya Azərbaycanın Cənubi Qafqazda lider dövlət olduğunu dərk etsə də, bununla barışmaq niyyətində deyil. Lakin ölkələrimiz arasında olan mövcud əlaqələr, strateji münasibətlərin normal məcrada davam etməsi onu deməyə əsas verir ki, Azərbaycanla münasibətlər normaldır. Geridə Qərbə meyilli hakimiyyəti ilə seçilən Gürcüstan qalır. Gürcüstanın Rusiyanın himayəsindən imtina edərək Avropa ölkələrinə və Amerikaya güvənməsi Putində böyük qəzəb doğurub. Putinin ən böyük strategiyası Saakaşvilini devirmək və orada yenidən Rusiya asıllığını yaratmaqdır. Odur ki, regionda yaranan siyasi gərginliyin hələ uzun müddət davam edəcəyi sirr deyil.
Anar RÜSTƏMOV