“Azadlıq”qəzetinin redaktoru Sücəddin Şərifov Modern.az saytına açıqlamasında sabiq deputat Maksim Musayevin bu mətbu nəşr haqqında söylədiyi aşağılayıcı ifadələrə sərt reaksiya verib:
“Maksim Musayevin dedikləri həqiqətə uyğun deyil. Bizim qəzetdə heç vaxt “Maksim Musayevin villaları, evləri var” ifadələri işlənməyib. Ötən ilin oktyabr ayında Azərbaycanın SSRİ-nin tərkibində qalıb-qalmamasına dair vaxtilə keçirilmiş referendum barədə yazı vermişik. O yazıda bir siyahı da olub. Həmin siyahıda da SSRİ-nin saxlanılmasını istəyənlərin, yəni müstəqilliyi istəməyənlərin sırasında Maksim müəllimin adı yer alırdı. Bu siyahı vaxtilə Milli Məclidən çıxıb. O siyahı ehtiva edirdi ki, həmin deputatlar o vaxt SSRİ-nin saxlanılmasının tərəfdarı idilər. Dolayısı ilə müstəqilliyin əleyhinə səs verənlərdir. Bu siyahını biz təqdim etmişdik. Ondan sonra Maksim Musayev redaksiyaya gəldi. Söhbət əsnasında da bildirdi ki, onun heç bir villası-filanı yoxdur. Amma bu söz qəzetdə getməyib. Bizə bir kitab hədiyyə edib getdi”.
S.Şərifovun sözlərinə görə, M.Musayevin Modern.az-a müsahibəsində “Azadlıq” qəzetinin redaksiyasına daxil olarkən qapıya əl vurmaqdan iyrəndiyini vurğulaması istehza doğurur:
“Biriləri vaxtilə özü üçün var-dövlət toplayanda, “Azadlıq” qəzeti müstəqillik uğrunda, müstəqilliyin möhkəmlənməsi naminə mübarizə aparıb. “Azadlıq” qəzetinin redaksiyası həmişə kasıb olub. “Azadlıq”a qarşı aşağılayıcı ifadələr işlətməkdənsə, yaxşı olardı ki, bir ağsaqqal kimi Prezident Administrasiyasının İşlər İdarəsinə zəng edərdi. Deyərdi ki, sizin tabeliyinizdəki “Azərbaycan” Nəşriyyatının binasında qapılar niyə bu qədər çirklidir? Bu “Azadlıq”ın qayğısı deyil ki, nəşriyyatın dəhlizi, ayaqyolusu pis vəziyyətdədir. Bu, Maksim müəllimin müdafiə etdiyi hökümətin ölkənin aparıcı qəzetinə, müstəqilikdə xüsusi xidmətləri olan mətbu orqana verdiyi redaksiyadır. Buranın təmirini biz etməməliyik. Yaxşı olardı ki, digər yerlər kimi, “Azərbaycan” Nəşriyyatının binasının təmiri üçün də pul ayırsınlar, binaya əl gəzdirsinlər” .
Nihadə Eyyubova