Modern.az

Oqtay Gülalıyev daxili işlər nazirindən görüş istədi

Oqtay Gülalıyev daxili işlər nazirindən görüş istədi

4 İyul 2012, 17:02

Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DIUC) sədri, "Kür" Vətəndaş Cəmiyyəti Qərargahının koordinatoru Oqtay Gülalıyev daxili işlər naziri Ramil Usubova müraciət edib.

“Həbsim və sonrakı günlərdə üzləşdiyim qanunsuzluqlar, işgəncə və təzyiqlərlə bağlı bir neçə gün öncə daxili işlər naziri Ramil Usubova rəsmi məktubla müraciət etdim. Məktubumda həbsim zamanı və həbsim müddətində mənə qarşı edilən hərəkətlər, qanunsuzluqlar barədə ona müəyyən fikirlərimi yazaraq nazirdən görüş istədim. Görüşdə birbaşa həbsimlə bağlı ictimaiyyətə indiyə qədər açıqlamadığım, yalnız onun özünə demək istədiyim bəzi məqamları təfərrüatı ilə nazirə danışmaq və onunla müzakirə etmək istədiyimi bildirdim”-deyə O.Gülalıyev Modern.az-a bildirib.

Hüquq müdafiəçisinin nazirə yazdığı məktub aşağıdakı ifadələr və çağırışlarla yekunlaşır:

“... Hörmətli cənab nazir,
Həbsdən çıxdığım ötən günlərdə birinci dövlət məmurusunuz ki, sizə müraciət edirəm. Nəyə görə? Birinci ona görə ki, sizin rəhbərlik etdiyiniz nazirlik az saylı dövlət qurumlarından biri olub ki, Sizə ünvanladığım müraciətlərə əksər hallarda tərəfinizdən operativ və obyektiv reaksiya verilib. Qanunsuz həbsimə qədər Sizə etdiyim bir çox  müraciətlər Daxili İşlər Nazirliyinin müvafiq qurumları tərəfindən diqqətlə araşdırılıb,  məktub və şikayətlərimə tərəfinizdən diqqət yetirilib. Digər tərəfdən həbsim zamanı üzləşdiyim qanunsuzluqlar, zorakalıq, işgəncə, təxribat və digər polis əməkdaşlarına yaraşmayan hərəkətlər birbaşa Sizin rəhbərliyiniz altında olan vəzifəli şəxslər tərəfindən həyata keçirilib. Eyni zamanda bəzi hərəkətlər olub ki, həbsim müddətində mənə, ailə üzvlərimə və qohumlarıma qarşı həyata keçirilib ki, bunlar məhz sizin adınızdan edilib. Mən indiyə qədər bu məsələləri həbsdə olduğum və azadlığa çıxdığım ötən müddət ərzində ictimaiyyətə hər hansı bilgi vermədən öncə şəxsən Sizinlə bölüşmək istəmişəm. Çünki bu hadisələr insanlıq adına, dövlətimiz adına, Polis təşkilatı adına utanc, ləkə gətirən hadisələrdir. Mən çox əminəm ki, siz bütün baş verənləri mənim dilimdən təfərrüatı ilə eşitdikdən dərhal sonra bu hərəkətləri həyata keçirənlər haqqında qanun çərçivəsində ciddi ölçü götürəcəksiniz. Məhz bu ümid və inamla da mən Sizə müraciət etdim.
Sizdən cavab gözləyirəm”.

Whatsapp
Bizə yazın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək