Azərbaycanın Rusiyadakı səfirliyi Yaroslavl vilayətinin Borisoqlebsk rayonunda 3 azərbaycanlının yaralandığı hadisə ilə bağlı bəyanatla çıxış edib. Modern.az xəbər verir ki, bu barədə səfirlikdən məlumat verilib.
Bəyanatda Azərbaycanın Rusiyadakı səfirliyi azərbaycanlıların xəsarət alması ilə nəticələnən insidentlə bağlı öz narahatlığını ifadə edib. Səfirlik qeyd edib ki, mübahisə Federal Təhlükəsizlik Xidməti əməkdaşının iştirakı ilə olub.
Bəyanatda həmçinin qeyd edilir ki, səfirlik baş vermiş insidentlə əlaqədar Rusiya Federasiyasının səlahiyyətli orqanlarına müraciət edəcək. Bundan əlavə, iyulun 4-də Azərbaycan səfirliyinin nümayəndəsi Azərbaycan diasporunun nümayəndələri və yerli hakimiyyət oqranları ilə görüşmək üçün Yaroslavl vilayətinə yollanıb.
Qeyd edək ki, azərbaycanlıların yaralanması ilə nəticələnən hadisə bazar günü gecə baş verib. Ustye çayının yaxınlığında istirahət edən azərbaycanlılardan ibarət dəstə yüksək səslə musiqiyə qulaq asırmış. Bu, dincəlmək üçün orada olan digər insanların narazılığına səbəb olub. Musiqinin səsinin aşağı salınması təklifi sonda qarşı tərəfin silahdan istifadə etməsi və 3-ü azərbaycanlı olmaqla 5 nəfərin yaralanması ilə nəticələnib.
Modern.az