Modern.az

Yazarlar İranın həbs etdiyi azərbaycanlıların müdafiəsinə qalxdı

Yazarlar İranın həbs etdiyi azərbaycanlıların müdafiəsinə qalxdı

4 İyul 2012, 19:40

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Həbsdə olan şairlərlə bağlı tədbir keçirilib. İran İslam Respublikasına gedən və mayın 2-də həbs edilən 2 Azərbaycan şairi Fərid Hüseyni və Şəhriyar Hacızadənin həyatının ciddi təhlükədə olduğu nəzərə alınaraq onlara dəstək üçün jurnalistlər və yazarlar bir araya gəlib.

Modern.az xəbər verir ki, tədbir “Qanun” Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu , Yazıçı Çingiz Abdullayev və “Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli tərəfindən təşkil olunub.

“Kaspi” qəzetinin baş redaktoru Natiq Məmmədli bildirib ki, ictimai qınaqlarla bu ölkəyə təsir etmək mümkün deyil.

“Biz orta əsrlər deyil, sivil bir ölkəyik. Biz bu ölkəyə beynəlxalq müstəvidə təsir göstərməliyik. Bu məsələyə biganə qalmaq olmaz”.

Aydın Xan Əbilov Azərbaycanın heç zaman İranın daxili işinə qarışmadığını bildirib:

“İki gənc, istedadlı şairin saxlanılması, iki xalq arasında münaqişə yaradır. Bununla bağlı qətnamə hazırlayıb İranın buradakı səfirliyinə verməliyik. Şairlərin terror məqsədilə hər hansı vasitəni ora keçirirlərsə, onları sərhəddə tutardılar. Bu konfliktin sakit bitməsi üçün İran tərəfdən bəyanat verilməlidir. Əgər belə olmazsa, Azərbaycanın jurnalistlərinin və düşüncə adamlarının ora getməsini məsləhət görmürəm”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli İranın çox qəribə bir dövlət olduğunu deyib:

“Heç onlar ölkəni şəriət qanunları ilə də idarə etmirlər. Onlarda insanlar ayətullanın fikirinə əsasən edam olunur. Bunun üçün yeganə yol təzyiq etməkdir. Beynəlxalq aləmin başı İranın atom məsələsinə qarışıb. Bu baxımdan insan haqqlarının qorunması bir az geridə qalıb. Azərbaycan dövləti və cəmiyyəti bu ölkəyə təzyiq etməlidir. İran atdığı adımmların nə məqsədlə olduğunu bilir. Onlar öz ətraflarında çağdaş, müasir və sivil bir ölkənin yaranmasını istəmirlər. Xalqlar həbsxanası olan ölkələr bizdən örnək götürməlidir”.

Yazıçı Çingiz Abdullayev müzakirənin elə aparılmasını istəyib ki, tutulan şairlərin buraxılmasına kömək etsin. O burada İranla olan problemlərdən daha çox danışmağın ehtiyac olmadığını bildirib:

“İran problemini bu gün həll edə bilmərik. Biz onu həll etməliyik ki, tutulan gəncləri buraxsınlar. Biz onsuz da həmişə məktəb problemini qabardırıq, onlar cavab verə bilmirlər. Orada 30 milyon Azərbaycanlı yaşasa da, Azərbaycan məktəbi yoxdur. Biz heç zaman bunlarla razı ola bilmərik. Burada İranın siyasəti ilə bağlı danışmayaq. Biz istəmirik qonşu dövlətlə belə münasibət olsun. Onlar beynəlxalq konvensiyalara riayət etmirlər. Biz hüquqi tərəfdən tələb edəcəyik ki, onları buraxsınlar. Onları narkotika ilə tutduqlarını deyirlər. Narkotika sübut deyil. Əgər elə olsa idi, sərhəddi keçəndə tutardılar. Narkotikanı cibə atıb tutmaq asan məsələdir”.

Şahbaz Xuduoğlu ordan səslənən Müdafiə Komitəsinin yaradılması təklifini dəyərləndirib. Onun sözlərinə görə, hazırlanan qətnamələr  ingilis dilinə tərcümə olunaraq, xarici dövlətlərə yayılmalıdır:

“Bundan başqa yaxşı bir vəkil tutmaq laızmdır. Fars və İngilis dillərini bilsə daha yaxşı olar. Həmin vəkil könüllü olmalıdır. İran dairəsində nüfuzu olan Azərbaycan ziyalıları həmin ölkəyə müraciət etsə yaxşı olar”.

Anar KƏLBİYEV

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?