Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli Azərbaycan torpaqlarının işğalına son qoymaqdan ibarətdir.
Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev xarici diplomatlar və hərbi attaşelərin iştirak etdikləri mətbuat konfransında bildirib.
H.Hacıyev xatırladıb ki, Azərbaycan həm dövlət başçısı, həm də Dağlıq Qarabağın azərbaycanlı icması timsalında Qarabağda iki xalqın dinc yaşamasına dəfələrlə çağırış səsləndirib:
“Əfsuslar olsun ki, bizim bu çağırışlar qulağardına vuruldu. Gəncəyə son hücumlardan da göründüyü kimi, Azərbaycanın məhz dinc əhalisi həyat təhlükəsilə üzləşir. Azərbaycanlı qaçqınların, məcburi köçkünlərin də hüquqları təmin olunmalıdır. Ermənistan tərəfi Azərbaycanda mümkün qədər çox insanı öldürməyə çalışır, bunun başqa adı yoxdur. Halbuki beynəlxalq hüquq normalarına görə münaqişə tərəfləri mülki və hərbi obyektlər arasında dəqiq fərq qoymalıdır. Ermənistan isə bu fərqi qoymur. Beynəlxalq sənədlər dinc şəhər və kəndlərə hücumları, bombardmanı qadağan edir”.
H.Hacıyev bildirib ki, Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı hərbi cinayətlərinə dair mövcud dəlil-sübutları toplanıb və təqsirkarları məsuliyyətə cəlb etmək üçün müvafiq qaydada aidiyyəti beynəlxalq qurumlara təqdim ediləcək.
“Bununla yanaşı, Azərbaycanın işğal edilmiş torpaqlarında qondarma rejim yaratdığına görə də Ermənistan beynəlxalq məhkəmə qarşısına çıxarılmalıdır”, - H.Hacıyev qeyd edib.
“Biz döyüş meydanında ölmüş əsgərlərin cəsədlərini dövlət sərhədinin Tovuz rayonu ərazisindəki dəhliz vasitəsilə Ermənistan tərəfinə verməyə hazır idik. Təəssüf ki, onlar bundan imtina edərək, məsələyə hansısa siyasi don geydirməyə çalışırlar”, - H.Hacıyev vurğulayıb.
Prezidentin köməkçisi əlavə edib ki, erməni əsirlərin ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradılıb.
O bildirib ki, Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası tərəfindən erməni əsirlərlə bağlı açıqlama verilib:
"Azərbaycan Cenevrə Konvensiyasına və beynəlxalq humanitar hüquqa sadiqliyini və özünün yüksək mənəvi-əxlaqi dəyərlərini göstərərək Azərbaycanda olan iki yaralı erməni əsirinə lazımi tibbi yardım göstərdi. Eyni zamanda, onların ailə üzvləri ilə əlaqə saxlamasına imkan yaradıldı. Beynəlxalq Qızıl Xaç Komitəsi də aidiyyəti üzrə məlumatlandırılıb və onlar əsirlərlə təmas saxlaya bilirlər".