İyulun 5-də rəsmi qarşılanma mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.
Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun Azərbaycana səfərinin ölkəmizin Avropa İttifaqı ilə tərəfdaşlığının və dostluğunun əhəmiyyətli göstəricisi olduğunu vurğulayıb.
İlham Əliyev Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuyun ölkəmizə səfərinin çox əhəmiyyətli və məhsuldar olacağını, onda xoş təəssürat yaradacağına əminliyini ifadə edib.
Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy ölkəmizə səfərə dəvətə görə Azərbaycan Prezidentinə minnətdarlığını bildirib. Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy dövlət başçısı İlham Əliyev ilə əvvəllər müxtəlif tədbirlərdə keçirdiyi görüşləri xatırladıb və indi Bakıda olmağından məmnunluğunu ifadə edib. O deyib ki, bu səfər Azərbaycanla Avropa İttifaqı arasında enerji və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələlərinin müzakirəsi üçün əlverişli imkan yaradacaq.
Geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının prezidenti Herman Van Rompuy mətbuata bəyanatlarla çıxış ediblər.