Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası 2 iyul tarixindən etibarən müsabiqə elan edib. Şuranın icraçı katibi Fərasət Qurbanov Modern.az saytına bildirib ki, müsabiqədə ictimai əhəmiyyətli mövzular yer alacaq.
“Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Şurası özünün ikinci maliyyə yardımı müsabiqəsini elan etdi. Bu müsabiqədə qoyulan mövzu ilə bağlı QHT-lərdən, mətbuatdan da müraciətlər daxil olub. Bəziləri mövzunu tam şəkildə başa düşmür. Amma mövzu çox aydındır. Burada ictimai əhəmiyyət kəsb edən məsələlərlə əlaqədar televiziya və radio verilişlərinin hazırlanması, ictimai müzakirələr və debatların təşkil edilməsi mövzusu olacaq.
Bizim QHT-lər vacib hesab etdiyi, ictimai əhəmiyyət kəsb edən, cəmiyyətin gündəmində olan, cəmiyyəti narahat edən, düşündürən məsələrlə bağlı televiziya, radio verilişləri hazırlamalıdır, bununla bağlı ictimai müzakirələr və debatlar təşkil etməlidir. Bu, müsabiqə elanında aydın şəkildə öz əksini tapıb”.
F.Qurbanovun sözlərinə görə, müsabiqə üzrə ərizələrin qəbulu üzrə artıq işçi qrupu da yaradılıb. “Ərizələrin qəbulu üçün son tarix 27 iyulda yekunlaşır. Ümüd edirik ki, QHT-lərimiz maraqlı, innovativ, yeni təkiliflərlə çıxış edəcək, debatlar, polemikalar təşkil edəcək. Bu da imkan verəcək ki, cəmiyyətimiz həm QHT həyatı ilə tanış olsun, həm QHT-lərin cəmiyyətdə baş verən məsələlərlə yaxından iştirakını hiss etsin və QHT-lər bir daha cəmiyyətdə missiyalarını təqdim etmək imkanı əldə etsinlər. Burada əsas odur ki, təklif olunan mövzular ictimai əhəmiyyətli olsun”-deyə F. Qurbanov qeyd edib. Onu da əlavə edib ki, hər il belə müsabiqələr keçirilir, ictimai həyatın bütün sahələrini əhatə edən mövzular müsabiqələrin mövzusu kimi təqdim olunur.
“Hər bir müsabiqədə müxtəlif mövzular qoyulub. Bu mövzular da QHT-lərə dövlət dəstəyi konsepsiyasının müddəalarına uyğun tərtib olunur. Şura həmin konsepsiyaya uyğun olaraq, QHT-lərə bu təklifi edir. Konsepsiyada dövlətin QHT-lərə dəstək verdiyi prioritet sahələr göstərilib. Bu sahələrədən irəli gələrək, QHT-lər ictimai əhəmiyyət kəsb edən istənilən məsələ ilə bağlı televiziya və radio verilişlərinin hazırlanması, müzakirələrin keçirilməsi təkliflərilə çıxış edə bilərlər. İlk dəfədir ki, belə açıq şəkildə televiziya və radio verilişlərinin hazırlanması məsələsi müsabiqə mövzusu kimi ortaya çıxarılır”.
Nihadə Eyyubova