Modern.az

Qənirə Paşayeva ABŞ-da Tomris Azəri ilə görüşüb

Qənirə Paşayeva ABŞ-da Tomris Azəri ilə  görüşüb

5 İyul 2012, 13:45

ABŞ-da səfərdə olan millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin sədri Qənirə Paşayeva Amerika Azərbaycanlılar Cəmiyyətinin prezidenti, Türk Amerika Dərnəkləri başqan yardımçısı  Tomris Azəri və təşkilatın üzvləri  ilə  görüşüb. Görüş zamanı millət vəkili bildirib ki, dünyanın hər yerində, o cümlədən ABŞ-da, Nyu Yorkda yaşayan azərbaycanlılar və bütün Türk əsilli insanlarımız Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, soyqırımları, Azərbaycan həqiqətlərini yaşadıqları ölkələrin ictimaiyyətinə və beynəlxalq ictimaiyyətə daha geniş çatdırılması və qondarma “erməni soyqırımı” yalanlarının qarşısının alınması istiqamətində səylərini daha da artırmalıdırlar.  ABŞ-da  harada doğulmasından asılı olmayaraq minlərlə azərbaycanlının yaşadığını vurğulayan millət vəkili bunun çox böyük bir güc olduğunu və  səsimizin  Amerika ictimaiyyətinə  daha geniş çatdıra bilməyimiz üçün böyük bir potensial olduğunu və səylərin birləşdirilməsinin və gücləndirilməsinin vacibliyini bildirib.

Qənirə Paşayeva görüş zamanı ABŞ-da yaşayan, dünyanın müxtəlif coğrafiyalarından bu ölkəyə gəlmiş Türk kökənli insanların və onların təşkilatlarının koordinasiya olunmuş şəkildə, bir-birlərinə sıx dəstək vermələrinin və Türk dünyasını narahat edən bütün problemlərin həllinə dəstək göstərmək üçün bərabər çalışmalarının daha da  artırılmasının vacibliyini də diqqətə çatdırıb. Millət vəkili onlara Daglıq Qarabağ münaqişəsi ilə bağlı son vəziyyət barədə də ətraflı  məlumatlar verib və geniş müzakirələr aparılıb.

Tomris Azəri bu istiqamətdə səylərinin və gördükləri işlərin getdikcə sürətlənməsini vurğulayaraq görülən işlər, əldə edilən müəyyən nəticələr və nəzərdə tutulan planlar barədə millət vəkilinə məlumat verib, ətraflı fikir mübadiləsi aparılıb. O, Azərbaycan həqiqətlərinin yayılması, Azərbaycan mədəniyyətinin ABŞ  cəmiyyətinə  daha geniş çatdırılması və təbliği istiqamətində səylərini və gördükləri işləri bundan sonra daha da artıracaqlarını bildirib. Tomris Azəri millət vəkili ilə görüşdə bu istiqamətdə həyata keçirməyi planlaşdırdıqları layihələr barədə məlumatlar verib, təkliflərini səsləndirib və onların həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparıb. 
Görüşdə  Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Rəhimoğlu da iştirak edib, öz fikir  və təkliflərini səsləndirib və rəhbərlik etdiyi qurumun Amerika Azərbaycanlılar Cəmiyyəti ilə hərtərəfli əməkdaşlığa hazır olduğunu deyib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək