Modern.az

“Uşaq bağçası” yazılmalıdır, yoxsa “uşaq baxçası”?

“Uşaq bağçası” yazılmalıdır, yoxsa “uşaq baxçası”?

Aktual

5 İyul 2012, 15:21

Sözün kökü “bağ”, yoxsa “baxmaq” sözündəndir?

Uşaq bağçası. Hamımızın uşaqlığını keçirdiyi bir məkan. Çox zaman bu sözün kökü çaşqınlığa səbəb olur. Bir də görürsən mediada həm “uşaq bağçası” yazırlar, həm də “uşaq baxçası”. Bəs hansı düzdür, bu birləşmədə əsas sözün kökü “bağ” ismindəndir, yoxsa “bax” feilindən? “Bağça” yazılmalıdır, yoxsa “baxça”?

Modern.az məsələ ilə bağlı aidiyyatı qurumlardan münasibət öyrənməyə çalışıb.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Nizami Cəfərov birmənalı şəkildə bağçanın “bağ” sözündən olduğunu qeyd edib. Onun sözlərinə görə bu söz rusların “detskiy sad” sözünün kalkası, tərcüməsidir.

“Yəni uşaqlar bir növ hələ təbiətdən ayrılmayıblar, təbiətin qoynundadırlar. Yəni bağçanın təbiətin içərisində olması baxımından belə obrazlı ifadə yaranıb. Vaxtilə Avropada akademiyalar yarananda həmin elmi müəssisələrin mənası “bağ” sözündən olub. Yəni bağda yığışıb, təbiətin qoynunda elmi söhbətlər edirik. Hər halda bizim ağlımıza gəlməyib, rusların “detskiy sad”, “sadik”, sözlərindən tərcümədir. Yəqin onlar da Avropadan götürüblər”.

Lakin N.Cəfərov qeyd edir ki, zaman keçdikcə məzmun dəyişikliyə də olur. “Bu gün bağçaların uşaqların daha çox təhsil alması, zövqlərin formalaşması baxımından akademik yön alıb. Yəni “bağça” sözünün “baxmaq” feili ilə heç bir əlaqəsi yoxdur”.

Nəsimi adına Dilçilik İnstitutunun elmi katibi İlham Tahirov bildirib ki, orfoqrafiya lüğətində “bağça” yazılıb və bunun başqa heç bir variantı yoxdur. “Orfaqrafiya lüğətinə uyğun olaraq “uşaq bağçası” sözü belə yazılmalıdır. Bu, Nazirlər Kabinetinin qanunla təsdiqlənmiş sənədidir və orada səhv yazılsa belə, əsas mənbə hesab olunur”.

Aytən Əliyeva

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Moskvada azərbaycanlıların çalışdığı bazara HÜCUM EDİLDİ