Modern.az

Əliməmməd Nuriyev qadın həbsxanasında olub

Əliməmməd Nuriyev qadın həbsxanasında olub

5 İyul 2012, 15:33

Hüquqşünas: “Seminarımız müəyyən müsbət təsirlər göstərə bilər”

Dünən Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 4 saylı qadın cəzaçəkmə müəssisəsi və tərbiyə müəssisəsində hüquqşünas Əliməmməd Nuriyev əfvetmə institutunun mahiyyəti ilə bağlı treninq keçib. Bu barədə Modern.az saytına hüquqşünasın özü məlumat verib.

O qeyd edib ki, Pentensiar Xidmətin əməkdaşlarının iştirakı keçirilən treninqdə əsas məqsəd əfvetmə institutunun mahiyyəti haqqında ətraflı məlumat vermək, bununla bağlı onların suallarını cavablandırmaq idi. “Və bu proses alındı. İnkişaf tərbiyə müəssisəsindən 30 uşaq, 4 saylı qadın cəzaçəkmə müəssisəsindən isə 100-ə yaxın məhkum qadın treninqdə iştirak edirdi və onların əfvetmə ilə bağlı suallarını cavablandırıb, geniş məlumat verdim. Qanunvericiliyə görə, əfvlə bağlı müraciət etmək məhkumların əsas hüquqlarından biridir. Müraciət anının nə vaxt başlanması, müraciəti hansı əsaslar üzərində yazmaq, necə yazmaq, bütövlükdə necə müraciət etmək və yaxud kimlər müraciət edə bilər kimi məqamlarla bağlı məhkumların ətraflı məlumatları yoxdur”.

Ə. Nuriyevin sözlərinə görə bu treninqi keçirilməsi isə məhkumlara, onların qohumlarına gələcəkdə əfvlə bağlı müraciətlərin daha əsaslandırılmış formada yazılmasına imkan verəcək. “Burada məhkumlar məlumatlı oldular ki, təkcə onlar deyil, yaxınları, qeyri-hökumət təşkilatları, deputatlar, ombudsman, cəzaların icrasına nəzarət edən orqan da onların əfvi üçün ölkə başçısına müraciət edə bilər. Digər tərəfdən ən vacib məsələ məhkumlar əfvlə bağlı müraciət edəndə ümumi məlumatlar yazır. Bu zaman isə məhkumun nəyə görə əfv edilməsi haqqında məsələ tam aydın olmur. Əlbəttə onun son müraciəti onunla bağlıdır ki, cəzadan azad edilsin və ya cəzası yüngülləşdirilsin. Amma çox hallarda bu məlumatlar o qədər səthi olur ki, bəzi hallarda həmin ərizələrə mexaniki baxılır və  imtina edilir. Əksinə, bu əsaslandırılmış müraciət olacaqsa, buna daha diqqətli yanaşacaqlar”.

Hüquqşünasın fikrincə əfvlə bağlı əsaslandırılmış ərizənin yazılması buna baxan şəxslərin, əfvetmə komissiyasının, eyni zamanda əfv sektorunun və ya Əfv Məsələləri üzrə Komissiyanın katibinin işini xeyli dərəcədə asanlaşdıra bilər və daha aydın mənzərənin yaranmasına gətirib çıxarda bilər. “Seminarımız müəyyən müsbət təsirlər göstərə bilər. Eyni zamanda nəzərə almaq lazımdır ki, bu seminarların keçirilməsində Ədliyyə Nazirliyi və nazirliyin Penitensiar Xidməti çox maraqlıdır. Düşünürəm ki, belə seminarların keçirilməsi bütövlükdə məhkumlar üçün faydalı olur. Onlar hüquqları daha dolğun şəkildə bilmək hüquqları əldə edirlər və eyni zamanda hüquqlarını realizə etməklə bağlı ətraflı məlumat alırlar.

Bu, eyni zamanda Əfv Məsələləri üzrə Komissiyasının həddindən artıq yüklənməsinin də qarşısını alır. Əgər hüquqlar haqqında ətraflı məlumat varsa, eyni zamanda bu hüquqlarının həyata keçirilməsi mexanizmləri haqqında ətraflı məlumat verilirsə, onda əsassız olan müraciətlərin də sayı azalır. Bu baxımdan hesab edirəm ki, belə seminarların keçirilməsi çox lazımdır”.

Aytən Əliyeva

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək