Modern.az

Paşinyan - bu, artıq diaqnozdur

Paşinyan - bu, artıq diaqnozdur

Aktual

22 Oktyabr 2020, 00:03

Paşinyanın “Facebook”dan xalqa müraciəti, aqressiv çağırışları əslində küncə sıxışdırılmış, iki od arasında qalan adamın çarəsizliyidir. Sərsəmləmə də demək olar və hər bir halda bu, artıq diaqnozdur.

Erməni baş nazir hesab edir ki, münaqişənin danışıqlar yolu ilə həlli tükənib, problemin diplomatik yolla həlli barədə danışmaq mənasızdır. "Ya qələbə, ya da məğlubiyyət – orta yol yoxdur", - deyən hökumət başçısı başını itirsə də, ənənəvi pafos və epatajdan əl çəkməyib.

Paşinyan total savaş çağırışını, hərbə-zorbasını elə bir vaxtda səsləndirir ki, Azərbaycan cəbhədə irəliləyir, torpaqlarını kəndbəkənd azad edir. İndiki templə bu gün-sabah Laçın dəhlizinə çıxacaq və Kəlbəcəri qaytaracağıq ki, bununla da ermənilərin "Artsax xülyası" basdırılacaq.

Digər tərəfdən, Azərbaycan lideri bu günlərdə erməni baş nazirlə Minsk formatı çərçivəsində Moskvada və ya başqa bir yerdə görüşə hazır olduğunu bəyan etmişdi.

Həmçinin, İkinci Qarabağ savaşı başlayandan Paşinyan atəşkəs üçün dünya liderlərini öz zəngləri ilə dəng edirdi.

Belə görünür ki, Ermənistan və Azərbaycan XİN başçılarının Moskvada rusiyalı həmkarı ilə görüşləri tam səmərəsiz bitib. Kreml Paşinyan Ermənistanını rədd etməkdə israrlıdır.

Öz növbəsində, son günlər "Qarabağ klanı" - Köçəryan-Sərkisyan tandemi Paşinyandan revanşa aşkar start verib. Hazırda müşahidəçilər arasında iki mülahizə var: Birincisi, Rusiya Azərbaycanın öz torpaqlarını azad etməsinə sonadək müdaxilə etməyəcək. İkincisi, Putin dostlarının - "Qarabağ tandemi"nin İrəvanda hakimiyyəti qaytarmasına qədər dözəcək.

Bu situasiyada, təzyiqlər məngənəsində baş nazir təbii ki, ağlını da itirər, başını da. Savaşın 25-ci günündə vətəndaşlarını total savaşa çağırış, bunun çıxış yolu olduğuna ümid etmək çarəsiz xəstənin vurnuxmalarıdır.

Ermənistanda Azərbaycanın hərbi gücü, cəbhədə nələrin olduğu barədə ən məlumatlı adamlardan biri Paşinyandır. Ermənistan MN-in rəsmisi rəsmən etiraf efir ki, Azərbaycan Ordusu erməni orfusundan 12 qat üstündür. Və baş nazir bilə-bilə xalqını hərbin ətçəkən maşınından keçirmək istəyir.

Paşinyan hansı odda yanacaq? Bunu özü bilər.

Amma onun aqressivliyi, cəfəng savaş çağırışları Bakının beynəlxalq arenada işini yüngülləşdirir, ən əsası isə cəbhədə əl-qolunu açır.

Baş nazir bizdən (Dağlıq Qarabağı itirməkdən) qorxur, yoxsa "Qarabağ klanı"nın revanşından (hakimiyyəti itirməkdən) çəkinir? Bizim üçün maraqlı deyil, baş sındırmağa dəyməz.

Sadəcə, müşahidə edirik ki, Paşinyan özünü bitirməklə məşğuldur. Suda boğulan saman çöpündən yapışar. Samanın, aqressiv çırpınışlarının onu xilas edib-etməyəcəyi, bütünlükdə Paşinyanın aqibəti də bizə maraqlı deyil.

İstədiyimiz yar idi, yetirdi pərvərdigar. İstəyirdik ki, danışıqlar, humanitar- qeyri-humanitar atəşkəslər ordumuzun cəbhədə irəliləməsinə əngəl olmasın.

Paşinyanın total savaş çağırışı bizə cəbhədə gücümüzü nümayiş etdirmək şansı yaradır ki,

belə fürsəti qaçırmaq günah olardı.


Qəzənfər Həmidoğlu

Sizə yeni x var
Keçid et
İranda Pezeşkian və türklər təhqir edildi