Modern.az

“Vahid” gəlib çıxsaydı, “namizəd” olardı…

“Vahid” gəlib çıxsaydı, “namizəd” olardı…

6 İyul 2012, 11:47

İki gənc şairimiz İranda həbs edilib. Artıq yetərincə uzun müddətdir ki, bu gənclərlə bağlı molla rejimi qaçdı-tutdu oynayır. Dünya qayda-qanunlarından yeddi yüz il geri qalan fars-molla rejiminin başında duranlar elə orta əsrlərin feodal təfəkkürü ilə də Azərbaycanlı gəncləri İsrailə casusluqda ittiham edirlər.

Ancaq maraqlısı budur ki, bu ittihamlarını hələ də rəsmən elan etmirlər. Anlaşılan, ortada nəsə oyun var və görünür bunlar Azərbaycan Respublikasından nəsə qoparmaq fikrindədirlər.Ancaq unudurlar ki, artıq Azərbaycan Respublikası kifayət qədər ayaqda durmağı bacaran və siyasi baxışlarından asılı olmayaraq hər bir vətəndaşını İran kimi feodal təfəkkürlü molla rejiminin əlindən almağı bacaracaq bir gücdədir.

Və bunun nümunəsi də var. İki mininci illərin əvvəllərində, Heydər Əliyevin prezident olduğu dönəmdə “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin də eyni qaydada İranda həbs edildiyini, yəqin ki, hər kəs xatırlayır. Qənimət bəy qatı müxalifətçi olsa da Prezident Heydər Əliyev mümkün olan hər şeyi edərək onun bir tükünə belə toxunulmadan Azərbaycan Respublikasına qayıtmasını təmin etmişdi.

Onu da xatırlayıram ki, Qənimət bəyin azadlığı uğrunda Redaktorlar Birliyi çərçivəsində apardığımız kampaniya toplantılarından birində o zaman “Azadlıq” qəzetinin redaktorlarından olan Bahəddin Həziyev belə demişdi: “Azərbaycan dövləti öz vətəndaşına sahib çıxdı”.

Bu gün də Azərbaycan dövləti öz vətəndaşına sahib çıxmaqdadır və heç şübhə etmirik ki, ən qısa zamanda bunun nəticəsini görəcəyik. Fərid Hüseyn və Şəhriyar del Gerani adlı iki gəncimiz məhz dövlətimizin çabaları sonucu azad ediləcək.

Gündəmin daha bir maraqlı hadisəsi Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının yaradılması ilə bağlıdır. Əslində, sıradan bir olaydır. Ancaq hər şeyi və hər zaman tənqid etməyə alışmış bir sıra qələm əhli iddia edir ki, hakimiyyət Rüstəm İbrahimbəyovun başçılıq etdiyi bənzər quruma alternativ yaradıb. Çox qəribədir. Diqqətlə baxanda görmək olur ki, eyni sahədə sadəcə yeni bir qurum yaradılıb. Necə ki, biz illərdir alternativ jurnalist qurumları yaradırıq, indi kinoçəkənlər də özləri üçün daha bir qurum yaradıblar. Burada qəribə nə var ki?

Şəxsən mən düşünürəm ki, Rüstəm bəy də, onun mövqeyini müdafiə edənlər də, əksinə, bu olaya sevinməlidir. Çünki indi bir rəqabət ortamı yaranacaq və kimin daha yaxşı işləməsini müqayisə edib milli kinomuzun yerində saymasına son qoya biləcəyik.

Daha bir maraqlı gündəm məsələsi müxalifətin 2013-cü il prezident seçkisi üçün vahid namizəd müzakirələridir. Hətta bununla bağlı belə bir deyim də uydurmuşam: “vahid” gəlib çıxsaydı, “namizəd” olardı. Bəzi qəzetlərdə yazırlar ki, “islamçı Hacı İlqar bu iş üçün ən uyğun şəxsdir. Ancaq görəsən Qərb buna necə baxar?” Qərbi bilmirəm və heç bu məni maraqlandırmır da, şəxsən mən yaxşı baxmaram. Dünyanın İrandan çəkdiyi azdırmı ki, bir də burada İslam dövləti quraq? Unudun bunu getsin! Və həm də niyə Azərbaycan xalqının fikrini soruşmadan dərhal Qərbin nə düşünəcəyini sual edirsiniz? Hələ bir öyrənin, görün Azərbaycan xalqı nə deyir, ondan sonra bu cür fikirləri ortaya atın da bəs.

Vahid namizəd məsələsinin siyasi müxalifətin önündə gedənlər səviyyəsində şərhi ondan xəbər verir ki, Prezident İlham Əliyev 2013-cü ildə də tək qapıya oynamağa məcbur olacaq. Necə ki, 2008-ci ildə belə olmuşdu. Müxalifət liderləri artıq indidən bəzən dolayı, bəzən də birbaşa şəkildə “oynamıram” deyirlər və bu da ondan xəbər verir ki, 2013 seçkiləri elə də ciddi rəqabət şəraitində keçməyəcək. Neynək, millətimiz üçün xeyirlisi nədirsə, o da olsun.

Hə, tamam yadımdan çıxmışdı. Azərbaycanda da çox maraqla izlənən “Vikiliks”də iki həftə öncə bir sənədə rast gəlmişdim. 2008-ci ilə aid olan və ABŞ-ın yaxın illər üçün planlarından xəbər verən sənəddə üç Qafqaz respublikası haqqında belə deyilirdi: “Ermənistanın tam müstəqilliyinə nail olmaq, Gürcüstanın Qərb institutlarına inteqrasiyasını sürətləndirmək, Azərbaycanda enerji təhlükəsizliyini təmin etmək”. Məncə, hər kəs burada nə deyildiyini anlamışdır.

“Vikiliks”dən söz düşmüşkən, yenə də iki həftə öncə ingilisdilli mətbuatdan oxudum ki, Azərbaycanda insan hüquqlarının qayğısına qalan “Avroviziya” qalibi Lorinin vətəni İsveç dövləti bu saytın qurucusu Culian Assanjın Avropa İnsan Hüquqları Məhkəməsinə müraciətini əngəlləyib. Al sənə ideal deyib ardınca qaçdığımız və hətta müğənnisinin belə insan haqları uğrunda fədakarlıq etdiyi İsveç!..

Whatsapp
Bizə yazın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?