Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) sabah - iyulun 7-də Bakı və Naxçıvan şəhərlərində rus bölməsi abituriyentləri üçün “Azərbaycan dili” fənni üzrə növbəti imtahan imtahan keçirəcək.
TQDK-nın mətbuat xidmətindən Modern.az-a bildirlib ki, aituriyentlər “İmtahana buraxılış vərəqəsi”ni iyulun 4-dən etibarən TQDK-nın internet saytına daxil olaraq çap edə bilirlər.
Cari ildə “Azərbaycan dili” fənni üzrə birinci imtahan 2012-ci il mayın 13-də keçirilmişdi. Həmin imtahanda 9167 abituriyent iştirak etmiş, onlardan 7444 nəfəri imtahanı müvəffəqiyyətlə verərək “məqbul” qiyməti almışdı.
Qəbul qaydalarına əsasən, mayın 13 də keçirilmiş imtahanda “qeyri-məqbul” qiyməti alan abituriyentlərə iyulun 7-də keçiriləcək “Azərbaycan dili” imtahanında təkrarən iştirak etmək imkanı verilir.
Bakı və Naxçıvan şəhərlərdə imtahanların keçirilməsi üçün 7 (Bakıda 6, Naxçıvanda 1) imtahan mərkəzi ayrılıb.
İmtahanın idarə olunmasına 23 imtahan rəhbəri, 228 zal nəzarətçisi cəlb olunub.
İmtahanında 3089 (3075 nəfər Bakıda, 14 nəfər isə Naxçıvanda) abituriyentin iştirakı nəzərdə tutulur: Onlardan 1485 nəfəri qız, 1604 nəfəri isə oğlandır. Abituriyentlərdən 1413 nəfər orta ümumtəhsil müəssisələrini ötən illərdə bitirən məzunlar, 1676 nəfəri isə builki məzunlardır.
Abituriyentlər imtahana gələrkən aşağıdakı sənədləri özü ilə gətirməlidirlər:
- İmtahana buraxılış vərəqəsini;
- Şəxsiyyəti təsdiq edən sənədin əslini:
- 16 yaşı 2012-ci il aprelin 30-dək tamam olmayan şəxslər, digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı.
İmtahan saat 11:00-da başlanacaq.
İmtahan 45 dəqiqə ərzində aparılır və abituriyentlərə “Azərbaycan dili” fənnindən 30 test tapşırığı təqdim edilir. Hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar düzgün cavabların nəticəsinə təsir göstərmir. Abituriyentlər imtahanın nəticələrini TQDK-nın internet saytından (www.tqdk.gov.az) öyrənə biləcəklər.
“Azərbaycan dili” fənnindən test imtahanının nəticəsi “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndiriləcək. Abituriyentin “məqbul” alması üçün onun topladığı bal 12-dən az olmamalıdır.
İmtahanın nəticəsinə görə “məqbul” alan abituriyentlər qəbul imtahanlarına buraxılacaqlar.
Modern.az