Biri bunu mövsümlə, digəri maneələrlə əlaqələndirir
Çap mətbuatının yayımı sahəsində vəziyyət getdikcə pisləşir. Bunun bariz sübutu qəzet redaktorlarının bir araya gəlib bu haqda müzakirələr aparmasıdır. Bundan sonra Mətbuat Şurasında (MŞ) mətbuat və yayım firmalarının rəhbərləri ilə hakimiyyət nümayəndələrinin görüşü oldu. Tədbir səyyar qəzet satışının sıradan çıxarılması, yayım firmalarının çökdürülməsi və s. problemlərə həsr olundu.
Modern.az qəzetin satışının hazırkı durumunu mətbuat yayım firmalarının özlərindən öyrənib.
“Kaspi” mətbuat yayımı firmasının abunə şöbəsinin müdiri Vüqar Abbasovun sözlərinə görə, bu il qəzet alıcılarının sayında artma müşahidə olunur. Onun sözlərinə görə, bu, həm müstəqil, həm də müxalifət qəzetlərində, yəni bütün qəzetlərdə müşahidə olunur.
“Qaya” mətbuat yayımı firmasının direktoru Xanhüseyn Əliyev qəzet satışının satılması üçün yaradılan süni maneələrdən danışıb: “Artıq 18 ildir ki, Azərbaycanda ilk alternativ mətbuat yayımı olaraq işləyir. Biz həm abunə, əllə satışı, eləcə də köşk satışını analiz edirik. Həqiqətən də son 6 ayda qəzetlərin satışı 15-20% aşağı düşüb. Bu da ondan irəli gəlir ki, oxuculara qəzeti çatdıra bilmirik. Şəhərdə köşklər yığışdırılıb, Gəncədə, Sumqayıtda “Qaya”ya olan hücumlar davam edir. Bu şəhərlərdə olan köşklərimizi götürdülər”.
Xanhüeyn Əliyevin sözlərinə görə, abunə sistemində də vəziyyət bu cürdür. “Abunəçiləri sıxışdırırlar ki, dövlət mətbuat yayımına keçin”. Direktor bildirib ki, Əli Həsənovun redaktorlarla görüşəndə o da iştirak edib və öz fikrimi bildirib. “Bunun aradan qaldırılmasının yeganə yolu məmurların işimizə maneçilik yaratmamasıdır. Mən konkret təkliflə də çıxış etdim. Dedim ki, bizə 2 il vaxt verin, bütün rayonlarda, qəsəbələrdə şəbəkə yaradaq”.
“Qasid” mətbuat yayımı firmasından isə bildiriblər ki, qəzet alıcılığı qabiliyyətinin azalmasının səbəbi ancaq yay mövsümünün başlanması ilə əlaqədardır: “Bizdə ancaq yay mövsümü başladığı üçün əhalinin qəzet alıcılığı azalıb. Amma ilin birinci rübündə bu hal müşahidə olunmayıb”.
Sevinc İltifatqızı