Dünən Bakıdakı Səadət Sarayı əsaslı təmir və yenidənqurmadan sonra istifadəyə verildi. Sarayın açılış mərasimində isə Prezident İlham Əliyev və onun xanımı Mehriban Əliyeva iştirak edib.
Maraqlıdır, sarayda xidməthaqqı nə qədər olacaq?
Açılış mərasimi olmuş sarayın hansı dövlət qurumunun tabeçiliyində olacağı hələlik məlum deyil. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova Modern.az-a açıqlamasında bildirib ki, nazirlik ancaq Səadət Sarayının təmiri ilə məşğul olub və hələ ki, saray fəaliyyət göstərmir.
“Prezident Administrasiyasının İşlər İdarəsi müəyyənləşdirməlidir ki, saray nazirliyin tərkibində qalacaq, ya yox”, – deyə mətbuat xidmətinin rəhbəri vurğulayıb.
Təmir-bərpa işlərindən sonra bina təyinatına görə yenidən planlaşdırılıb və iki hissəyə ayrılıb. Birinci hissə işgüzar görüşlərin və rəsmi qəbulların keçirilməsi, ikinci hissə isə nikah mərasimlərinin təşkili üçün nəzərdə tutulub. Binada geniş hollarla yanaşı, üstü açıq terras da yaradılmışdır. İnteryeri klassik üslubda işlənən təntənəli mərasim, rokoko üslublu VİP qəbul, rəqs və gözləmə zalları, qəbul zamanı elektron və texniki xidmətin təmin edilməsi üçün otaqlar da Səadət sarayının funksionallığını artıran yeniliklər sırasındadır. Bununla yanaşı, interyeri qotik və rokoko üslublarında işlənən rəsmi görüş otağı, rəsmi danışıqların aparılması üçün geniş zallar və digər yardımçı otaqlar da var.
Sevinc İltifatqızı