Hər cəhətdən sərfəli kommersiya fəaliyyəti
Facebook sosial şəbəkəsi genişləndikcə burada fəaliyyət sahəsi də genişlənir. Azərbaycanda da bu sosial şəbəkənin kifayət qədər istifadəçisi formalaşıb. Hətta informasiyalı cəmiyyətin şərtlərindən irəli gələrək bu sosial şəbəkədən yararlanıb, sözün əsl mənasında öz bizneslərini quranlar da var. Onlar “online biznes”i həyata keçirirlər.
Dünya praktikasında “online biznes”i həyata keçirən saysız-hesabsız saytlar formalaşıb. Lakin Azərbaycanda bu, əsasən Facebook vasitəsi ilə həyata keçirilir.
Modern.az saytın əməkdaşı Azərbaycanda “online biznesi”in bugünkü vəziyyəti haqqında ekspertlərin, həm də istehlakçıların rəyini öyrənib.
Ekspert Hüseyn Həsən 3 ildir ki, “online biznes”lə məşğuldur. “İnternet mağazanın, ənənəvi mağazadan fərqləndirən başlıca cəhətlərdən biri icarə və kommunal xərclərin olmaması, qiymətlərin ucuzluğu, işçilərin sayının az olması və onlara ödəniləcək əmək haqqının azlıq təşkil etməsidir. Bir halda ki, sifariş etdikləri məhsul ayaqlarınacan gəlir və vaxta qənaət olunur, bu əlbəttə ki, onlara xüsusi zövq verir”.
H. Həsən satdığı məhsulları xaricdən, əsasən Avropa və Amerikadan gətirdiyini bildirib. O, məhsulların keyfiyyətinə xüsusi önəm verdiklərini qeyd edir.
Alıcı Fuad Piriyev deyir ki, işi ilə əlaqədar olaraq günümün çox hissəsini internetdə keçirdiyimdən ehtiyacım olan məhsulu “online” satış sistemi vasitəsi ilə əldə edir. “Həm qiymətlər adi mağazaya nisbətən ucuzdur, həm də sifariş etdiyim məhsulu istədiyim ünvana çatdırırlar. Mən telefon sifariş etmişdim. Söz verilən vaxta məhsulu təyin etdiyim ünvana çatdırdılar. Telefonun keyfiyyətindən razıyam”.
Günay Aydın