Beynəlxalq Mətbuat Mərkəzində İranın növbəti təxribatının girovuna çevrilmiş iki Azərbaycan gəncinin - Şəhriyar və Fəridin müdafiəsinə həsr olunmuş tədbir ədəbi cameə haqqında olan qənaətimi bir az da möhkəmləndirdi.
Şübhəsiz, tədbirin təşkilatçılarını təqdir edirəm. Böyük əksəriyyəti "nə ət, nə də balıq"lardan ibarət olan ədəbiyyat adamlarının içərisindən 5-10 nəfər tapıb adam arasına çıxarmaq, onları hətta kiminsə müdafiəsinə cəlb etmək olduqca müşkül məsələdir və bu işin öhdəsindən gəldiklərinə görə, Cingiz Abdullayevin və Şahbaz Xuduoğlunun halalca haqlarını vermək lazımdır. Sağ olsunlar.
...Həm də ona görə sağ olsunlar ki, bir neçə nəfərin timsalında kağız üzərində və bilgisayar arxasında meydan sulayan, Altaydan vurub Qafqazdan çıxan, Çin səddini bir qələmə tarimar edənlərin gerçək və qorxaq simalarının ortalığa çıxmasına yardımçı oldular.
Həmin tədbirdə bir çoxlarının çıxışlarını dinlədikcə, mənə elə gəldi ki, hansısa kolxozun komsomol təşkilatının toplantısına qatılmışam və "həm ziyarət, həm ticarət" deyib yayın istisində özlərini kəndə verən lektorların qat kəsmiş və saralmış kağızlardan oxuduqları cəfəngiyyatı dinləyirəm:
"İran yaxşı dövlətdir, dostumuzdur, qardaşımızdır. Xameneyiyə, Əhmədinejada müraciət ünvanlayaq. Gəlin xahiş edək, yox, yalvaraq... Bəlkə diz çökək?! Bəlkə..."
Cinayətkar fars-molla rejiminin əsarətində olan iki gənc şairin müdafiəsinə həsr olunmuş tədbirdəki əksər çıxışlardan çıxardığım bir neçə kəlməlik nəticə belə oldu:
"İran yaxşı dövlətdir, ətrafı pisdir".
...Hə, bir də rəhmətlik Rafiq Tağının adını xatırlatdılar... Sonra isə... qurban olaq, başınıza dönək, ağa, nökərəm, ağa çakərəm... Be fərman və gəl otur boynumuzda, əgər otura bilsən... Çünki yanında qıldan nazikdir...
İranın yalnız Hitler rejimi ilə müqayisə oluna biləcək saxta din pərdəli idarəçiliyinin ağlasığmaz cinayətlərini mətbuat hər gün gücü çatdıqda, səsi yetdikcə bağırır. İnternetdə yalnız "İran" sözünü axtarışa vermək yetərlidir ki, xalqlar həbsxanası mühafizəçilərinin törətdiyi ağlasığmaz cinayətlərin foto və video görüntülərini izləyə biləsən. Qadınların, gənclərin... kiçik yaşlı uşaqların gözü qarşısında qaldırıcı kranlardan asıldığı, daşqalaq edildiyi, alçaldıldığı bir rejimdən humanizm ummaq cəlladdan mərhəmət gözləməyə bənzəyir. Hələ mən bu cinayətkar rejimin Azərbaycan Respublikasının müstəqilliyinə qənim kəsildiyini, "Azərbaycan" sözünə nifrət etdiyini, işğalçı Ermənistana ilk gündən hərtərəfli yardım göstərdiyini... yazmıram.
Bütün bunların qarşılığında Azərbaycan yazıçısı, şairi... Beynəlxalq Hərbi Tribunal qarşısında dayanmalı olan hərbi-cinayətkar bir rejimdən mərhəmət gözləyir... Şəhriyarı və Fəridi bəh-bəhlə İrana yola salanlar isə fars-molla rejiminin cinayətkar mahiyyəti barədə açıq-aşkar danışanları qınayır, onları "ara qatmaqda", "su bulandırmaqda" suçlayırlar.
Rafiq Tağını aradan götürməkdə, Fəridi və Şəhriyarı həbs etməkdə, Azərbaycana qarşı bir saniyə belə itirmədən təxribatlar törətməkdə fars-molla rejiminin bir məqsədi var: Azərbaycan cəmiyyətinin və dövlətinin müqavimətini sındırmaq... İnsanların dünyəvi dövlətçiliyə, hüquqi vətəndaş cəmiyyətinə olan inamını qırmaq və saxta teokratiyanın təntənəsini təmin etmək! Bu İran adlanan dövləti idarə edən fars-molla rejiminin strateji hədəfidir! Hə yalvarış, nə diz çökmək, nə də... baş əymək rejimi bu hədəflərindən çəkindirməyəcək.
P.S. Mənə görə, cəmiyyət üçün ən təhlükəli adamlar xarakteri olmayanlarındır... Belələri hətta İran rejimindən də təhlükəlidirlər!