“İkinci Azərbaycan şirkətidir ki, konsorsium olaraq tenderdə qalib gəlir”
Azərbaycanın Respublikasının Rumıniya, Serbiya, Bosniya-Hersoqovina və Monteneqrodakı səfiri Eldar Həsənov Dövlət Neft Şirkətinin (ARDNŞ) Monteneqroda 258 milyon avroya istirahət mərkəzi salması ilə bağlı xəbəri Modern.az saytına şərh edib. Səfir məlumatı təsdiqləyərək, bu uğurun ciddi bir göstərici olduğunu vurğulayıb.
“Bir Avropa ölkəsində Avropa standartlarına, tələblərinə və qanunlarına uyğun layihədə artıq ikinci Azərbaycan şirkətidir ki, konsorsium olaraq tenderdə qalib gəlir. Bu çox sevindirici haldır.
Bu həqiqətdir ki, Azərbaycan konsorsium olaraq tenderdə qazanıb. Bu hadisə ən azı Azərbaycanın Avropa məkanında növbəti yatırımlarından, növbəti dəfə bayrağımızın ucalmağına xidmət edən amillərdən biri kimi dəyərləndirilir. Avropa Birliyinə daxil olan strateji dost ölkədə səsimiz, mövqeyimiz olaraq Azərbaycan bayrağının ucalması, belə bir layihədə iştirak ancaq Azərbaycanın imicinə xidmət edə bilər” – deyə Eldar Həsənov vurğulayıb.
Qeyd edək ki, “Azadlıq” radiosu ARDNŞ-nin Monteneqroda 258 milyon avroya (319 milyon dollar) istirahət mərkəzi salması barədə məlumat yayıb. Mərkəz paytaxt Podgoricanın 116 km cənub-qərbində keçmiş hərbi bazanın yerində olacaq. Monteneqronun Özəlləşdirmə və Kapital Layihələr üzrə Şurasından verilən məlumat görə, bu ərazi ARDNŞ-ə 90 il müddətə icarəyə veriləcək. ARDNŞ ilk 45 ilin icarə haqqını avans olaraq ödəyəcək. O cümlədən hər kvadratmetrə 1 avro və gəlirin 5 faizini.
ARDNŞ əraziyə ilk 4 ildə 52 milyon avro, ümumilikdə isə 8 il müddətində 258 milyon avro sərmayə qoyacaq. Ərazi 241,695 kvadratmetrdir.
Aytən ƏLİYEVA