Modern.az

Qənimət Zahidin qızı: “Ən çox nənəmdən ötrü darıxmışam” - MÜSAHİBƏ

Qənimət Zahidin qızı: “Ən çox nənəmdən ötrü darıxmışam” - MÜSAHİBƏ

7 İyul 2012, 10:28

Mühacir həyatı yaşayan ailənin günü-güzəranı necədir?


“Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidin ailəsi təxminən bir il öncə Fransaya yerləşib. Q.Zahid Azərbaycanda övladlarının həyatına təhlükə olduğunu deyərək xanımını, oğlunu və qızlarını Avropaya aparıb. Baş redaktorun ailəsi hazırda paytaxt Parisdə mühacir həyatı yaşayır. Ailənin necə yaşadığını öyrənmək üçün Modern.az-ın əməkdaşı baş redaktorun qızı Aysel Saday ilə söhbətləşib.

– Fransada ilk günlərdə hansı çətinlikləri yaşadınız?

– Əvvəllər dil probleminə görə çətinlik çəkirdik. İlk günlər həyata uyğunlaşmaq asan deyildi. Çünki dili bilmədinsə, gündəlik işlərin də yolunda getməyəcək. Fransız dilini öyrəndikdən sonra vəziyyət yaxşılaşdı. Artıq hər şey yaxşıdır.

– Atanız tez-tez yanınıza gələ bilirmi?

– Tez-tez gələ bilmir, amma çalışır ki, gəlsin. Əsasən bayramlarda, xüsusi bir günlərdə yanımızda olur.

– Bildiyimiz kimi, 3 bacı və 1 qardaşsınız. Sən və onlar harada oxuyursunuz?

– Bacılarım və qardaşım məktəbdə oxuyurlar. Bakıda yarımçıq qalan təhsillərini davam etdirirlər. Məktəblərdə xaricilər üçün (yəni dil bilməyənlər üçün) xüsusi siniflər olur. Onlar da normal olaraq dərslərlə paralel, dil dərslərinə də gedirlər. 3 aya dili yaxşı öyrədirlər. Özüm universitetdə oxuyuram. Bakı Dövlət Universitetində oxuduğum fakültəyə uyğun bir ixtisasdır. Amerika və Böyük Britaniya sivilizasiyalarının öyrənilməsi.

– Ailədə işləyən varmı?

– Hələ ki yox. Bunun üçün dili tamam öyrənməliyik. Burada iş tapmaq elə də asan deyil.

– Atanız sonuncu dəfə nə zaman yanınıza gəlib?

– May ayında. Həmin vaxt bacımın ad günü idi və o baxımdan yanımızda oldu.

– Dövlət tərəfindən müavinət alırsız? Verilən pul ehtiyacları ödəməyə çatırmı?

– 3 otaqlı ev verilib. İşləmədiyimiz üçün sosial yardım alırıq. Çalışırıq ki, aldığımız pul bizə yetsin.

– Azərbaycandan daha çox kiminlə əlaqə saxlayırsan?

– Əvvəl necə idisə, indi də elədir. Kiminlə əlaqələrimiz var idisə, onlarla da danışırıq. Bu barədə elə bir dəyişiklik yoxdur.

– Fransada sizə qarşı hər hansı bir irqçilik varmı?

– Yox. Fransada mühacirlər çoxdur. Bu baxımdan normal yanaşırlar. Əksinə, ölkəni tərketmə səbəbləri onlara qəribə gəlir ki, axı hansı normal dövlətdə belə hallar baş verə bilər.

– Yaşadığınız yerdə münasibət qurduğunuz azərbaycanlı ailələr varmı?

–Təkcə mühacir jurnalist Aqil Xəlillə münasibətimiz var. Başqa münasibətimiz olan azərbaycanlı yoxdur.

– Bakı ilə Parisin hansısa oxşar cəhətləri varmı?

– Bakıda Qız Qalası, burada Eyfel qülləsi. Başqa heç bir oxşarlıq yoxdur.

– Fransada təhsil sizin üçün çətindirmi?

–Əsl Boloniya sistemidir. Oxuyursan və imtahan verib qiymətini alırsan.

– Oxuduğun universitetdə azərbaycanlı tələbə varmı?

– Əlbəttə, var. Məlumatım var ki, kimlərdir, amma münasibətim yoxdur. Düzü, onlar məni maraqlandırmır. Özüm də can atmıram ki, ünsiyyət qurum.

Problemləriniz olanda necə həll edirsiz? Kimə müraciət edirsiz?

– Heç kimə müraciət etmirik. Özümüz öz başımızın çarəsinə baxırıq.

– Xaricdə təhsil almaq, yaşamaq səndə nələrisə dəyişib?

– Belə fikirləşirəm, amma hər hansı bir dəyişiklik ağlıma gəlmir. Xarici ölkə olduğu üçün bir az dünyagörüşü dəyişir, başqa dəyişiklik hiss etmirəm.

– Fransanı daha çox Ermənistana kömək edən dövlət kimi tanıyırlar. Bu baxımdan orada azərbaycanlıların ermənilərlə münasibəti necədir?

– Özümün elə də münasibətim yoxdur, amma başqalarını gördüyüm qədər çox tolerantdırlar. Azərbaycandakıların çoxu ermənini düşmən görür və insan yerinə də saymır. Amma burada elə hərəkət etsən, sənə gülərlər. Belə bir hal ayıb sayılır. Kənardan gördüyüm qədər normal münasibət var.

– Fransanın yaşayış tərziylə Azərbaycanı müqayisə edə bilərsən?

– Yaxından-uzağa bir-biri ilə əlaqəsi olmayan iki ölkədir. Fransanın devizi budur ki, azadlıq, bərabərlik, qardaşlıq. Buna da tam riayət olunur. Gündəlik həyatda və ümumiyyətlə demokratik ölkədir. Azərbaycanla müqayisə olunmaz qədər fərqlidir.

– Əcnəbi vətəndaşla ailə qurarsanmı?

- Onu həyat göstərər. Amma heç belə bir fikrim yoxdur.

– Azərbaycanda daha çox kim üçün darıxırsan?

– Ən çox nənəmdən ötrü darıxmışam. Daha sonra dostlarım üçün darıxıram.

– Asudə vaxtınız olanda necə keçirirsiniz?

– Yaxşı ki, internet var. Bakıdakılarla danışıram. Sonra daha çox dili öyrənməklə məşğul oluram. Fransız dili zəngindir, heç də asan deyil. Bu baxımdan öyrənmək lazımdır.

– Bu ölkəyə gəlməzdən əvvəl onun haqqında məlumatın var idi?

– Əlbəttə. Amma min eşitməkdənsə, bir görmək yaxşıdır məsəli var. O burada yerinə düşər.


Anar Kəlbiyev

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək