103 ölkəsinin aparıcı kütləvi informasiya vasitələrinin nümayəndələri iyulun 5-7-də Moskvada keçirilən Dünya Media Sammitində iştirak edib. Modern.az-ın verdiyi məlumata görə, İTAR-TASS agentliyinin təşkilatçılığı ilə “Dünya mediası: XXI əsrin çağırışları” devizi altında keçirilən sammitdə 300-ə yaxın KİV rəhbərləri iştirak edib.
Sammitdə dünyanın ən məşhur KİV nümayəndələri ilə yanaşı, Azərbaycandan AzərTAc-ın baş direktoru Aslan Aslanov, “Trend” BİA-nın baş direktoru İlqar Hüseynov, və "Azerbaydjanskie izvestiya" qəzetinin baş redaktoru Gülnarə Hüseynova iştirak ediblər.
Media sammitində iştirakçılar bütün dünya mediasının üzləşdiyi ən aktual problemləri müzakirə ediblər. Gündəlikdə elektron medianın inkişafı, müasir media məkanında sosial şəbəkələr, media münasibətləri və jurnalist etikası, biznes məsələləri əhəmiyyətli yer tutur. Peşəkar təşkilatların nümayəndələri qarşısında dünyada gedən siyasi dəyişikliklər, iqtisadi böhran şəraitində KİV-in yaşama modeli, ənənəvi medianın transformasiyasının əsas istiqamətlərinin müzakirə olunub.
Qeyd edək ki, növbəti media sammiti 2014-cü ildə Bəhreyndə keçiriləcək.