Hakim Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə son zamanlar hakimiyyətin İctimai Palataya alternativ qurum yaratması haqda deyilənlərə münasibət bildirib. YAP rəsmisi Modern.az-a deyib ki, iqtidarın müxalifətin təmsil olunduğu İctimai Palata kimi qurum yaratmaq fikri yoxdur.
“Hakimiyyətin İctimai Palataya alternativ qurum yaratması haqda deyilənlər tam əsassızdır. Bizim buna ehtiyacımız yoxdur. Azərbaycan demokratik ölkədir. Hər bir siyasi partiya, təşkilatın öz fəaliyyətini seçməyə haqqı var. Sadəcə olaraq bu fikirlər məqsədli şəkildə ortaya atılıb. İctimai Palata yarandığı gündən özünü zəif və fəaliyyətsiz qurum kimi göstərib. Bu əslində ictimaiyyətsiz bir palatadır. Onlar özünün varlığını yada salmaqdan ötrü vaxtaşırı bu və ya digər formada informasiyalar yayırlar”, - deyə A.Mirzəzadə vurğulayıb.
Qeyd edək ki, Azərbaycan iqtidarının Rusiyada olduğu kimi İctimai Palataya alternativ qurum yaradacağı haqda xəbərlər yayılıb. Müxalifət cəbhəsi isə bu addımın İctimai Palatanın zəiflədilməsi üçün atılan addım olduğunu iddia edir.
Anar RÜSTƏMOV