Modern.az

“Bizi heç nə durdura bilməz” - İlham Əliyev

“Bizi heç nə durdura bilməz” - İlham Əliyev

28 Oktyabr 2020, 21:06

"İndi işğaldan azad edilmiş şəhər və kəndlərimizdə mövcud olan vəziyyət tam aydındır. Demək olar ki, bütün şəhər və kəndlərimiz dağıdılıb. Qəbirlər, tarixi abidələr, bütün binalar dağıdılıb. Elə bil ki, vəhşi qəbilə bu torpaqları işğal altında saxlayıb. Bizim məscidlərimiz ermənilər tərəfindən dağıdılıb və təhqir edilib. Zəngilan rayonunda ermənilər tərəfindən dağıdılmış məsciddə onlar donuz saxlayırdılar. Bu kadrlar internetdə var. Bütün dünya, bütün müsəlman aləmi görür ki, biz hansı vəhşilərlə mübarizə aparırıq. Amma bir daha demək istəyirəm ki, bizi heç nə durdura bilməz. Əgər Ermənistan öz xoşu ilə işğal edilmiş qalan torpaqlardan çıxmasa, onları oradan da qovacağıq".

 

Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyev oktyabrın 28-də İran İslam Respublikası Prezidentinin xüsusi nümayəndəsi, Xarici İşlər nazirinin müavini Seyid Abbas Əraqçinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

 

"Məmnunluq hissi ilə deyə bilərəm ki, Azərbaycan-İran dövlət sərhədi tam bərpa edilib. Bu münasibətlə mən Azərbaycan və İran xalqlarını təbrik etmişəm. Göstəriş vermişəm ki, bizim sərhəd xidmətimiz tezliklə bu sərhədin bütün mühafizə infrastrukturunu yaratsın. Bu işlərə start verildi. İran-Azərbaycan sərhədinin digər istiqamətlərindəki kimi, bu istiqamət də dostluq, qardaşlıq sərhədi olacaqdır.

Bildiyiniz kimi, bir neçə il bundan əvvəl Xudafərin və Qız qalası hidroqovşaqları və su anbarları haqqında İran-Azərbaycan müqaviləsi imzalanmışdır. Mən indi hökumətə göstəriş vermişəm ki, biz tərəfdən işçi qrup yaradılsın. Mən xahiş edirəm ki, İran tərəfindən də müvafiq qurum təhkim edilsin ki, tezliklə bu məsələləri müzakirə edək və bu obyektin birgə istismarı haqqında razılığa gələk", - deyə Prezident İlham Əliyev bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU