Modern.az

Oqtay Əsədov Sergey Narışkinlə görüşüb

Oqtay Əsədov Sergey Narışkinlə görüşüb

9 İyul 2012, 16:06

Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin Milli Məclisdə olub. Modern.az-ın AzərTAc-a istinadən verdiyi məlumata görə, parlamentin binası önündə qonağı Milli Məclisin sədri Oqtay Əsədov və digər rəsmi şəxslər qarşılayıblar.

S.Narışkin Milli Məclisin inzibati binasına baxaraq deputatlar üçün yaradılmış şəraiti, burada tətbiq olunan müasir texnologiyanı yüksək qiymətləndirib.

Milli Məclisin sədri Oqtay Əsədov ilə Rusiya Dövlət Dumasının sədri Sergey Narışkin arasında təkbətək görüş olub. Daha sonra görüş geniş tərkibdə davam etdirilib.

 Spiker Rusiyanın Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar Sergey Narışkinə və bütün Rusiya xalqına öz adından və Azərbaycan parlamentinin üzvləri adından başsağlığını çatdırıb.

 Rusiya Federasiyası Dövlət Dumasının sədri vəzifəsinə seçilməsi münasibətilə Sergey Narışkini təbrik edən O.Əsədov onun ilk xarici səfərlərindən birini Azərbaycana etməsindən məmnunluğunu bildirin və bunu ölkələrimiz arasında bütün istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə xidmət etdiyini vurğulayıbdır.

“Ölkələrimiz arasında 160-dan çox sənəd imzalanmışdır. Bu sənədlər əlaqələrimizin hərtərəfli inkişafı üçün möhkəm hüquqi baza yaratmışdır. Bunun təzahürüdür ki, Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsi ötən il 2,8 milyard ABŞ dollarından çox olmuşdur. Bu gün Azərbaycanda 500-dən artıq Rusiya şirkəti fəaliyyət göstərir. Cənubi Qafqaz ölkələrindən yalnız Azərbaycanda Rusiya Kitab Evi yaradılmışdır. Respublikamızda rus dilinin inkişafı üçün qayğı göstərilir, 500-ə yaxın rusdilli məktəb fəaliyyət göstərir”.

 O.Əsədov daha sonra çıxışında Dağlıq Qarabağ məsələsinə toxunaraq bildirib ki, ATƏT-in Minsk qrupunun həmsədri və regionun aparıcı dövləti kimi Rusiya problemin aradan qaldırılmasında səylərini artıracaq, yaxın zamanlarda münaqişə beynəlxalq hüququn norma və prinsipləri, dövlətlərin ərazi bütövlüyü çərçivəsində ədalətli həllini tapacaqdır.

S.Narışkin Krasnodar diyarında daşqınlar nəticəsində çoxsaylı insan tələfatına səbəb olmuş faciə ilə əlaqədar başsağlığına, eləcə də Bakıdan göndərilən humanitar yardıma görə Azərbaycan dövlətinin başçısına, parlamentinə və xalqına minnətdarlığını bildirib.

Qonaq dövlətlərimiz arasında əlaqələrin hərtərəfli inkişafında qanunverici orqanların rolunu xüsusi qeyd edib, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi üçün böyük potensialın olduğunu bildirib. Qeyd olunub ki, deputatlarımız bu gün beynəlxalq tədbirlərdə çox uğurlu əməkdaşlıq edirlər. Bunun nəticəsidir ki, Azərbaycan ilə Rusiya arasındakı münasibətlər strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmişdir. Biz bütün imkanlardan istifadə edərək siyasi, iqtisadi, humanitar və digər sahələrdə əlaqələrimizi daha da möhkəmləndirməli və inkişaf etdirməliyik.

 Görüşdə hökumətlərarası və parlamentlərarası komissiyaların fəaliyyəti xüsusi qeyd olunub, ölkələrimiz arasında humanitar sahədə əməkdaşlığın perspektivləri müzakirə edilib, deputatların qarşılıqlı səfərlərinin intensivləşdirilməsinin vacibliyi vurğulanıb, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıbdır.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək