“Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında gedən danışıqların hələki bir nəticəsi yoxdur. Hazırda Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 326 ümumtəhsil məktəbini ənənəvi olaraq, yaşlı qadınlar və kişilər qoruyurlar”.
Bunu Modern.az saytına Bakı Şəhəri üzrə Təhsil İdarəsinin İctimaiyyətlə əlaqə şöbəsinin rəhbəri Zəminə Əliqızı deyib. Onun sözlərinə görə, məktəblərin mühafizəsi üçün Təhsil Nazirliyi ilə Daxili İşlər Nazirliyi arasında danışıqlar aparılıb:
“Vaxtilə hər məktəbin ən azı bir mühafizəçisi olması üçün Təhsil Nazirliyi tərəfindən təklif irəli sürüldü. Amma hələki bu məsələ gündəmdən çıxıb. Hazırda isə ümumtəhsil məktəblərini ənənəvi olaraq yaşlı qadınlar və kişilər qoruyur. Amma bütün məktəblərdə dərs başlanan kimi məktəbin qapıları bağlanır. Hər halda məktəb karvansara qapısı deyil. Məktəb direktorları şagirdlərin məktəbdə olduğu müddətdə onların təhlükəsizliyini təmin etməlidirlər. Real vəziyyət isə odur ki, onlar sadəcə qapıları bağlamaqla məktəbi mühafizə edirlər. Yaşlı insanlar isə sadəcə axşamlar məktəbi qoruyurlar”.
Zəminə Əliqızı onu da bildirdi ki, bütün məktəblərdə yalnız qarovulçu ştatı var. Həmin ştata da əməkhaqqı ayrılır. Özəl məktəbləri isə xüsusi mühafizə xidməti qoruyur. Onun sözlərinə görə, elə məktəblər var ki, həmin təhsil ocaqları valideyn assosiasiyalarının maddi təşəbbüsü sayəsində özəl mühafizə ilə qorunur:
“Əməkhaqları da həmin valideyn komitələri tərəfindən ödənilir. Amma xüsusi tədbirlər zamanı, dərs ili başlayan gün, son zəng günü, xüsusi tədbirlər olan vaxt nazirlik özü xüsusi mühafizə orqanlarına müraciət edir. Onda yalnız bir gün xüsusi mühafizə xidməti məktəbləri qoruyur”.
Gültəkin Ələsgər