Modern.az

Qarabağdakı separatçılar qondarma prezidentliyə namizədlərini açıqladılar

Qarabağdakı separatçılar qondarma prezidentliyə namizədlərini açıqladılar

10 İyul 2012, 14:41


Beynəlxalq hüquq normalarına məhəl qoymayan Dağlıq Qarabağdakı separatçı rejim növbəti dəfə qondarma “prezident seçkisi”nə hazırlaşır.

Modern.az erməni mətbuatına istinadən bildirir ki, işğalçı Ermənistanın Azərbaycanın zəbt olunmuş Dağlıq Qarabağ bölgəsində himayə etdiyi separatçı rejim “prezident seçkisi”ni iyulun 19-da keçirəcək.

Artıq “prezident” postu uğrunda namizədlərin adları da açıqlanıb. Bunlar üç nəfərdir: Qarabağdakı separatçı rejimin hazırki rəhbəri Bako Saakyan, Xankəndi Aqrar Universitetinin prorektoru Arkadi Soqomonyan və separatçı rejimin qondarma deputatı Vitali Balasanyan.

Azərbaycan Respublikası dəfələrlə rəsmi şəkildə bu qondarma seçkilərə etiraz edib.

“Bu qondarma, cinayətkar bir qurumdur. Separatçı qurum heç bir beynəlxalq təşkilat tərəfindən rəsmi şəkildə tanınmır. Bütün dünya bilir ki, ora Azərbaycan ərazisidir. Mən Azərbaycan vətəndaşı, millət vəkili olaraq buna qəti şəkildə etiraz edirəm. Azərbaycan torpağında qanunsuz seçki keçirmək cinayətdir. Nə üçün beynəlxalq təşkilatlar buna göz yumurlar? Onlar da öz etirazlarını bildirməlidirlər”.

Bunu Milli Məclisin işğal olunmuş Qarabağ bölgəsindən olan deputatı Elman Məmmədov Modern.az-a açıqlamasında deyib. O, qeyd edib ki, torpaqlarımız azad edilməyənə kimi ermənilər Qarabağda cinayətkar əməllərini davam etdirəcəklər.

“Reallıqla hesablaşmaq lazımdır. Əgər onlar 1991-ci ilin payızından bu cinayətkar qurumu yaradıblarsa və bu günə qədər də fəaliyyət göstərirlərsə, beynəlxalq ictimaiyyət də onlara qarşı heç bir sanksiya tətbiq eləmirsə, onlar bundan sonra da iyrənc əməllərini davam etdirəcəklər".

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Müharibədə İLK YAŞANDI - Ərdoğan Putinlə Zelenskini görüşdürəcək