Azər Qaraçənli: “Bu xətti davam etdirməkdə qəbahət görmürəm”
Son bir neçə ildə internet media çap mediasını üstələməkdə davam edir. Lakin bir çox saytlar bu üstünlüyü erotik foto və xəbərlərin paylaşması ilə qazanmaq istəyir. Xüsusilə yeni yaranan internet resursları bu üsulla tez bir zamanda oxucu auditoriyası və reytinq toplamağa çalışır. Mövzu ilə bağlı Modern.az-a açıqlama verən ekspertlər oxşar rəydədir.
Azər Qaraçənli: “Seks mövzusunun da ciddi tərəfləri var”
“Mediaforum.az” saytının baş redaktoru Azər Qaraçənli ümumiyyətlə medianın özünün bir üslubu olmasının tərəfdarı olduğunu deyib. Redaktor ixtisaslaşmanın deyil, müəyyən qədər ictimai-siyasi, şou-biznes, mədəniyyət, idman kimi xəbər üslubunu olmasını təklif edib:
“Görünür bizdə müəyyən saytla internet məkanında yer tutmaq, mövqe qazanmaq, rəqabətə tab gətirmək, populyarlaşmaq üçün bəzi jurnalist redaksiyaları bu metoddan istifadə etmək qərarına gəliblər. Yeni yarananları deyirsizsə, yəqin ki, onlar müəyyən populyarlıq və oxucu qazanmaq üçün bu metodlardan istifadə edirlər. Amma biz bir az öz həmkarlarımıza qarşı təmkinli olmalıyıq. Məncə, çox narahat olmaq lazım deyil. Bunu yaradan səbəblər varsa, biz bu səbəbləri bilməliyik. Ümumiyyətlə, səbəbləri bilməyəndə, bir az anlaşılmaz olur. Məsələləri biləndə situasiya aydınlaşır və adam bir az təmkinli olur. Yəni kütləvi açıq-saçıq mövzulara toxunmaq, çılpaq şəkillər yaymaq KİV-ə yad bir hadisə deyil. Dünyanın hər bir yerində KİV-lər belə edir. Bəziləri bunu öz reklamına və auditoriyanın tələbatına uyğun edir. Ola bilər belə xəbərlər bəzi jurnalist redaksiyasının, hansısa jurnalistin və ya şöbənin təşəbbüsüdür, qərarıdır, marağıdır, həvəsidir ki, bunu edir. Hazırda xəbər saytlarında çalışan jurnalistlər internet mediasında belə halların olmasından elə də narahat olmasınlar. Bunu yaradan səbəblər var və ola bilər ki, müəyyən mənada bu tendensiya yavaş-yavaş ixtisaslaşmaya da aparsın. Yəni hansısa KİV-lər sonradan ya bundan imtina etsin, ya da elə o istiqamətdə olan mövzulara yönəlsin. Amma bu qarışıq üslubun olması da, jurnalistikaya yad bir hadisə deyil”.
A. Qaraçənli bunun qarşısını almaq üçün auditoriyanın həmin redaksiyaya təzyiqinin olmasını vacib sayıb: “Tutaq ki, həmin saytlardan xəbər oxuyan oxucular yavaş-yavaş irad bildirsələr ki, yaydığınız açıq-saçıq materiallar bizi narahat edir, bəlkə də bu o üsluba təsir edəcək. Əgər auditoriyanın bir rəyi, təzyiqi olmazsa, jurnalistlər bu üslubdan fayda götürərlərsə, açığı bunu davam etdirməkdə də bir qəbahət görmürəm. Vaxtilə qəzetlər yalnız ciddi materiallar yayırdılar. Şübhəsiz ki, hər bir mövzunun ciddi tərəfi var. Seks və ya çimərlik mövzusunun da ciddi tərəfləri var. O demək deyil ki, bunlar yüngül mövzulardır. Bu problemlərin, mövzuların ciddi və yüngül tərəfləri var. Eləcə də siyasətin yüngül və ciddi tərəfləri var. Siz 1990-cı illərdə “Azadlıq” qəzetində ulduz falı və yaxud şou-biznes adamının müsahibəsini heç təsəvvür etməzdiniz. Amma indi var. Ola bilər ki, auditoriyanın rəyi o saytların üslubunda dəyişiklik yaratsın. Bir yaradıcı sərbəstlik olmalıdır və bu yaradıcı sərbəstlik axtarışlara aparmalıdır. İndi biz internet mediasının özündəki bu tendensiyanı da, özünü bir axtarış kimi qiymətləndirə bilərik. Görək bunun nəticəsi necə olacaq. Bunu zaman göstərəcək”.
Zeynal Məmmədli: “İntim xəbərlər söz azadlığı ilə bağlı problemlərin həll olunmamağının nəticəsidir”
Media eksperti Zeynal Məmmədli bildirib ki, hər şey bazarın tələbatına görədir. Ekspert ciddi mövzulara yer verilmədiyi üçün, saytların belə xəbərlərə can atdığını deyib:
“Bu gün media bazarının qiyməti belə dəyərləndirilir ki, sosial önəmli, siyasi cəhətdən aktual, insanlara təhsil verən, maarifləndirən, problemləri çözməyə kömək edən bilgilərə yer verilmir. Bunlarla bağlı azadlıq olmadığı üçün, açıq-saçıq tipli xəbərlər paylaşan saytların açılması daha asandır. Onların işi budur ki, insanları əyləndirsinlər, erotik xarakterli video və foto yaysınlar. Bu Azərbaycan media bazarında və bütövlükdə cəmiyyətində gedən proseslərin nəticəsidir. Bu cür materialları effekt kimi verirsən və insanlar da buna öyrəşir. Lakin bir müddətdən sonra aldanış yaranır ki, guya buna tələbat var. Əslində bütün bunlar bizdə söz, mətbuat, ifadə azadlıqları ilə bağlı problemlərin həll olunmadığının nəticəsidir. Bu media bazarından həmin saytların özünü dolandırması üçün vəsait qazanmaq şansları da çoxdur. Onlar ancaq siyasi materiallar və ciddi iqtisadi təhlillər versələr, ümumiyyətlə onların reklamı sıfıra enər. Bu baxımdan onlar belə yollara yönəlirlər”.
Anar Kəlbiyev