Milli Məclisin üzvü Qənirə Paşayeva Bosniya və Hersoqovinanın prezidenti Bakir İzetbeqoviç ilə görüşüb.Modern.az-ın məlumatına görə, görüşdə Azərbaycanı sevdiyini deyən Bakir İzetbeqoviç iki qardaş ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi istiqamətində böyük potensialın olduğunu vurğulayıb.
Azərbaycanla iqtisadi, turizm, enerji, təhsil, mədəniyyət, bir sözlə bütün sahələrdə əməkdaşlığın genişləndirilməsinə böyük önəm verdiklərini deyən oktyabr ayında dost Azərbaycana rəsmi səfər edəcəyini deyib. O bildirib ki, bu səfərdən və Azərbaycan prezidenti İlham Əliyevlə görüşlərdən sonra iki ölkə arasında əməkdaşlığın daha da sürətlə inkişaf edəcəyinə inanır.
Q.Paşayeva prezident Bakir İzetbeqoviçə səmimi qəbula görə təşəkkür edərək bildirib ki, azərbaycanlılar üçün də Bosniya və Hersoqovina dost, qardaş ölkədir. Azərbaycanın da bu ölkə ilə bütün sahələrdə əməkdaşlığın daha da inkişafına önəm verdiyini deyən deputat parlamentlərarası əməkdaşlığın daha da genişlənməsinə ehtiyac olduğunu vurğulayıb.
Millət vəkili prezidentlə görüşündə Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarından, Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi, onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsindən danışıb. Xocalı Soyqırımına toxunan millət vəkili bildirib ki, Azərbaycan xalqı soyqırıma məruz qalan Bosniyalı qardaşlarımızı hər kəsdən daha yaxşı anlayır.
Qeyd edək ki, millət vəkili Qənirə Paşayeva bu gün Srebrenistsa bölgəsində Srebrenitsa Soyqırımı qurbanlarının anım tədbirlərində də iştirak edəcək.
Modern.az