İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 2-ci ayını yaşayırıq. Noyabrın 2-də də cəbhədə sakit keçməyib. Baxmayaraq ki, tərəflər arasında humanitar atəşkəs razılaması var idi.
Amma Ermənistan hər dəfə olduğu kimi, yenə də atəşkəsin şərtlərini pozdu.
Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 2-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:
- Noyabrın 2-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif silahlardan, o cümlədən artilleriya və raketlərdən atəşə tutub.
- Döyüş əməliyyatları əsasən cəbhənin Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edib.
Müdafiə olunan düşmən bölmələri cəbhənin bəzi istiqamətlərində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib. Düşmənin silah, sursat, ərzaq ehtiyatları tükənmək üzrədir. Avtomobil və digər hərbi texnika üçün ehtiyat hissələri çatışmır.
- Sutka ərzində cəbhənin müxtəlif istiqamətlərində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 10 ədəd müxtəlif tipli topu, 3 ədəd sursatla dolu yük maşını və 5 ədəd digər avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.
Hazırda qoşunlarımız əməliyyat şəraitinə nəzarət edir.
- Noyabrın 2-də saat 06:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam və Ağcabədi rayonlarının kəndlərini artilleriya atəşinə tutub.
- Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən bölmələrimizin mövqelərini minaatan və atıcı silahlardan atəşə tutub.
- Noyabrın 2-ə keçən gecə müxtəlif vaxtlarda Ermənistanın Noyemberyan, Berd və Vardenis rayonlarından Azərbaycanın Qazax, Tovuz və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.
- Noyabrın 1-də gün ərzində Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində Ermənistan silahlı qüvvələrinin bölmələri hücum etməyə cəhd göstərib.
Düşmən bu istiqamətdə bir sıra əlverişli yüksəklikləri ələ keçirmək məqsədilə minaatanlardan və müxtəlif iri çaplı silahlardan istifadə etməklə bölmələrimizin mövqelərini atəşə tutub.
Düşmənin hücuma keçmək niyyəti bölmələrimiz tərəfindən vaxtında aşkar edilib və həyata keçirilən uğurlu əməliyyat nəticəsində qarşı tərəf ciddi itkilərə məruz qalıb.
Döyüş nəticəsində canlı qüvvə sarıdan 30-dək itki verən düşmən, Ermənistan ərazisinə çəkilməyə məcbur edilib.
- Bölmələrimizin şəxsi heyətinin sayıqlığı nəticəsində mövqelərimizə havadan hücum edən düşmənin Su-25 döyüş təyyarəsi də məhv edilib
- Noyabrın 2-si saat 00:30-dan 02:25-dək cəbhənin müxtəlif istiqamətlərində Ermənistan silahlı qüvvələrinin 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi bölmələrimizin tərəfindən məhv edilib.
- Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən Tərtər rayonunun Şıxarx qəsəbəsi, Qəzyan və Qapanlı kəndləri, Goranboy rayonun Yenikənd kəndi intensiv artilleriya atəşinə tutulub.
- Azərbaycan Ordusu Cəbrayıl, Zəngilan və Qubadlı rayonlarının daha bir neçə kəndini işğaldan azad edib
“Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Çaprand, Hacı İsaqlı, Qoşabulaq, Zəngilan rayonunun Dərə Gilətağ, Böyük Gilətağ, Qubadlı rayonunun İşıqlı, Muradxanlı, Milanlı kəndlərini işğaldan azad etmişdir.
Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!” – deyə Prezident İlham Əliyev özünün “Twitter” hesabında bildirib.
- Bu gün Ermənistan müdafiə nazirliyinin rəsmilərinin cəbhənin müxtəlif istiqamətlərində gedən gərgin döyüşlər zamanı guya bəzi sahələrdə öz mövqelərini irəli çəkməsi, hətta Azərbaycan Ordusunun bir qrup hərbçisinin “məhv” edilməsi barədə yaydıqları xəbər tamamilə yalandır.
Buna bənzər məlumatlar erməni hərbçiləri arasında hökm sürən qorxu, təşviş və ruh düşkünlüyünü, ümumilikdə isə xaos və özbaşınalığı qismən də olsa aradan qaldırılmasına yönəlib.
- Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın növbəti döyüş təyyarəsinin “vurulması” barədə xəbər dezinformasiyadır. Nə qədər gülməli səslənsə də Ermənistan tərəfinin məlumatlarına inanaraq döyüş əməliyyatları başlayan gündən indiyədək “vurulan” təyyarələrin sayını hesablasaq artıq Azərbaycan HHQ-nin aviabazalarında bir dənə də olsun uçuş aparatı qalmamalı idi.
- Bildiririk ki, Azərbaycan HHQ-nin bütün döyüş aviasiya vasitələri bu gün heç bir uçuş həyata keçirməyib, tam tərkibdə sıradadır və döyüş qabiliyyətlidir.
- Ermənistan mətbuatı bu gün işğal altında olan yaşayış məntəqələrimizin guya Azərbaycan Ordusu tərəfindən müxtəlif silahlardan atəşə tutulması ilə bağlı bir neçə dəfə həqiqətə uyğun olmayan məlumatlar yayıb.
Bir daha rəsmi olaraq bildiririk ki, Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır.
- Noyabrın 2-də günün ikinci yarısından başlayaraq Ermənistan silahlı qüvvələri Qubadlı və rayonun kəndlərini artilleriya atəşinə tutub. Ermənistanın Qafan rayonunun David Bek kəndi istiqamətindən Qubadlı rayonunun ərazisi intensiv atəşə tutulub.
- Düşmənin daimi dislokasiya məntəqəsi, səngər və atəş mövqelərində yerləşən canlı qüvvəsi dəqiq zərbələrlə məhv edilib.
- Eyni zamanda Qırmızı Bazar istiqamətində düşmənin qərargahı da atəşə məruz qalıb
- Noyabrın 2-i saat 18:00 radələrində Tərtər rayonunun Çardaqlı kəndində (keçmiş Ağdərə rayonunun Maqavuz kəndi) yerləsdirilmiş düşmənin KUB zenit-raket kompleksi dəqiq atəşlə məhv edilib.