Son həftələrdə dünya mediasının, eləcə də aparıcı siyasi və hərbi analitiklərin diqqət mərkəzində olan əsas mövzu Azərbaycan Ordusu tərəfindən Dağlıq Qarabağ ərazisində aparılan sülhə məcbur etmə əməliyyatlarıdır. Elə bir dünya miqyaslı media orqanı yoxdur ki, bu əməliyyatlarla bağlı öz səhifələrində heç olmasa gündə bir dəfə məlumat yerləşdirməsin. Bu baxımdan ərazidə baş verən hadisələrin mahiyyəti və gedişi barədə dünya ictimaiyyətinin davamlı olaraq məlumatlandırılması və Azərbaycanın haqlı mövqeyi barəsində obyektiv təsəvvür yaradılması mühüm əhəmiyyət kəsb edir. Məhz bu məqsədlə Azərbaycanın Böyük Britaniyadakı səfirliyində hər həftənin bazar ertəsi günü video-formatda açıq mətbuat konfransı keçirilir. Mətbuat konfransına qoşulan jurnalistlərin sayı və tərkibi hadisələrə böyük marağın olduğunu göstərir.
Modern.az xəbər verir ki, noyabrın 2-də keçirilən sayca 4-cü mətbuat konfransına qoşulanların da sayı 20-dən artıq idi. Onların arasında Böyük Britaniya Lordlar Palatasının üzvü Lord Şeyk, Nümayəndələr Palatasının üzvü və Azərbaycan-İngiltərə parlamentlər arası işçi qrupun rəhbəri cənab Bob Bləkmən, ABŞ-ın səfiri və Minsk Qrupunun sabiq həmsədrlərindən biri olmuş cənab Kari Kavanoh, Amnesty İnternational təşkilatının təmsilçiləri, eləcə də Financial Times, Daily Telegraph, The İndependent, BBC, EU Today kimi dünya şöhrətli media orqanlarının nümayəndələri və nəhayət Cənubi Qafqaz üzrə bir sıra siyasi araşdırmaçılar mətbuat konfransında iştirak edirdilər. Konfransın spikerləri Azərbaycanın Böyük Britaniyadakı Səfiri Tahir Tağızadə və Milli Məclisin üzvü, Azərbaycan-Böyük Britaniya Parlamentlər arası işçi qrupun rəhbəri Cavanşir Feyziyev idi.
Səfir T. Tağızadənin və millət vəkili C. Feyziyevin bölgədə mövcud durumla bağlı giriş nitqlərindən sonra mətbuat konfransı sual-cavab formatında davam etdirildi. Təxminən 2 saat davam edən konfransda iştirakçılar tərəfindən səsləndirilmiş 20-dən çox suala spikerlər tərəfindən ətraflı cavablar verildi. Əsasən hərbi əməliyyatların gedişi, Azərbaycan dövlətinin məqsədi, sülh danışıqlarının mümkünlüyü ehtimalı, bölgənin gələcək taleyi, eləcə də qonşu dövlətlərin bölgədə baş verən hadisələrə münasibəti və bu hadisələrdə mümkün iştirakı haqqında suallar səfirimiz və millət vəkilimiz tərəfindən ətraflı cavablandırıldı. Verilən cavablarda Azərbaycan ərazisinin 20%-nin son 30 il ərzində erməni işğalında qalması, bu müddət ərzində ATƏT-in Mİnsk Qrupunun nəticəsiz fəaliyyəti və nəhayət, son 2 ildə Ermənistan siyasi-hərbi rəhbərliyinin qeyri-konstruktiv yanaşmaları səbəbindən münaqişənin nizamlanmasına dair aparılan danışıqların dalana dirənməsi haqqında ətraflı məlumat verildi. Ermənistanın BMT TŞ-nın məlum 4 Qətnaməsinin tələblərini yerinə yetirəcəyi halda hərbi əməliyyatların dayandırıla biləcəyi və siyasi müstəvidə münaqişənin birdəfəlik çözülməsinin mümkünlüyü konfrans iştirakçılarının diqqətinə çatdırılıb.
Sonda konfrans iştirakçılarına növbəti mətbuat konfransının gələn həftənin bazar ertəsi günü keçiriləcəyi haqqında məlumat verilib.