Azərbaycanın Qarabağ uğrundakı haqq işinə bir sıra şirkətlərin qərəzli mövqeyi yerli istehlakçılar tərəfindən birmənalı qarşılanmayıb. Son olaraq, Johnson&Johnson şirkətinin paylaşımında qondarma respublikanın qondarma adının qeyd etməsi bir sıra ticarət obyektlərinin həmin şirkətin istehsal etdiyi məhsulların satışını dayandırmasına gətirib çıxarıb.
Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, istehlakçıların, eləcə də ticarət şəbəkələrinin qərarlarına hörmətlə yanaşılmalıdır:
"Xüsusilə qeyd etmək lazımdır ki, belə qərəzli paylaşımlar əslində erməni lobbisinin beynəlxalq arenada əksər istiqamətlər üzrə bizə qarşı informasiya müharibəsi aparmasından xəbər verir. Hətta əksər Qərb ölkələrində Qarabağ savaşı ilə bağlı həqiqəti yazanlar da bu lobbinin təzyiqinə məruz qalırlar.
Məsələnin digər tərəfi də ondan ibarətdir ki, Azərbaycan iqtisadiyyatı, o cümlədən istehlak bazarı düşmən ölkənin uyğun göstəriciləri ilə müqayisədə xeyli böyükdür. Yəni, xarici şirkətlər, o cümlədən Qarabağımızla bağlı qərəzli paylaşım edənlər Azərbaycanda daha çox gəlir əldə edirlər. 2019-cu ildə ölkəmizə xaricdən 70 milyon dollara yaxın yuyucu vasitələr və 24 milyon dollardan çox sabun materialları gətirilib və satılıb. Ermənistanda bu malların ümumi idxalı ötən il 8.2 milyon dollar olub. Deməli, belə məhsulların istehsalı ilə məşğul olan şirkətlər Azərbaycanda Ermənistan ilə müqayisədə 12 dəfə yaxın daha çox gəlir əldə ediblər".
V.Bayramov qeyd edib ki, bir sıra xarici ölkələrin qərəzli yanaşmaları onlar üçün heç də az itki ilə nəticələnməyəcəl:
"Ən önəmlisi isə elə qərəzli paylaşımlar bizim haqq işimizə heç də kölgə salmır və salmayacaq.
Bir daha xatırlatmaq istərdim ki, təklif etdiyim kimi, biz bazarlıq edən zaman yerli və Türk mallarına üstünlük verəriksə o zaman xeyir bizə qarşı qərəzli mövqe tutanlara deyil, dost şirkətlərə qalar.
Qarabağ Azərbaycandır!"