“Mənim eks-spiker Rəsul Quliyevə yaxınlığı ilə tanınan azpolitika.com internet qəzetinə baş redaktor təyin olunmağmla bağlı mətbuatda gedən məlumatlar həqiqətdən uzaqdır”.
Bunu Modern.az-a göndərdiyi açıqlamada Azərbaycan Liberal Demokrat Partiyasının sədri, Demokratik Cəmiyyət Uğrunda Müqavimət Hərəkatının (DCUMH) üzvü Fuad Əliyev bildirib.
F.Əliyev deyib ki, o bir partiya sədri olaraq DCUMH-nın beynəlxalq miqyasda təşkilatlanması işinə məsuldur:
“Hamıya məlumdur ki, mən ayda bir neçə dəfə missiyama uyğun olaraq xaricdə səfərlərdə oluram. Həm Açıq Cəmiyyət Partiyasının lideri Rəsul Quliyevin dəvəti ilə, həm də ALDP-nin əməkdaşlıq etdiyi beynəlxalq təşkilatların tədbirlərinə qatılıram. Eyni zamanda partiyanın və DCUMH-nın təşkilatlanmasına da vaxt ayırıram. Belə olan təqdirdə mənim hansısa sayta baş redaktor təyin olunmağım inandırıcı deyil. Mətbuat işçiləri yaxşı bilirlər ki, baş redaktor olmaq, onun məsuliyyəti nə deməkdir”.
F.Əliyevin sözlərinə görə, onun baş redaktor olmağa vaxtı yoxdur. “Amma mən DCUMH-nın media layihələrinin təkmilləşməsində, inkişafında Rəsul Quliyevə dəstəyəm. Bizim gələcəkdə media ilə bağlı yeni-yeni layihələrimiz planlaşdırılıb. Rəsul Quliyevin tapşırığı ilə bu layihələr üzərində işləmək üçün mən də prosesə cəlb olunmuşam. Çünki bu sahədə yetərincə təcrübəm var, güclü beynəlxalq əlaqələrə malikəm. Amma bunu başqa yerə yozmaq düzgün deyil. Bu səlahiyyətlər tamamilə bir-birindən fərqlidir. Hər birinin öz missiyası, görəcəyi iş var”.
Modern.az