Modern.az

Tikanlıqda şərqi deyənlər

Tikanlıqda şərqi deyənlər

11 İyul 2012, 14:50

Azərbaycanı kiçik Amerika görmək istəyən məmurlarımız

Bir neçə il əvvəl olmuşdum orada. Açığı ölkənin bu qədər kasıb olmasına ürəyim ağrıdı. Küçə boyu kazinolar, qarşısında bədənlərini satmaq üçün müştəri gözləyən qadınlar… Ara-sıra Saakaşvilinin ünvanına söyüş yağdıran, istefasını tələb edən yaşlı insanlar da az deyildi. Düşündüm, neyləsin bu ölkə və bu ölkənin xalqı, nefti yox, təbii sərvəti yox, köməyinə çatanı yox. Yəqin belə də davam edəcək... Aradan bir neçə il keçdi, Gürcüstan o zamankı yerini nefti, təbii sərvəti olan ölkəmizə verdi.

İndi ora gedib-gələnlər qonşu dövlət haqqında o qədər müsbət fikirlər səsləndirir ki, Gürcüstana köç etmək, orda yaşamaq keçir könlündən. Bu ölkədə addımbaşı yol polisinə, radarlara, məmur özbaşınalığına rast gələ bilməzsən. Saakaşvili yol polisini, “sanepidemstansiya”nı çoxdan ləğv edib.

Bu günlərdə Gürcüstana səfərdən dönən dövlət məmurumuz ağız dolusu danışaraq oranın xəyalından ayrıla bilmirdi, danışdıqca gözləri uzaqlara gedib-gəlir, parlayırdı. “Gürcüstan kiçik Amerikadır” dedi. Mən də ondan o kiçik Amerika haqqında nəql etməyini xahiş etdim.

Ölkənin hava limanında pasport-qeydiyyatından keçəndə xarici vətəndaşların pasportunun arasına 3 dildə - ingilis, rus və türk dillərində yazılı kağız parçası qoyulur: “Hər hansı problemlə qarşılaşdıqda, birbaşa polisə müraciət edin. Bütün problemləriniz qanun çərçivəsində həll olunacaq. Bunun üçün də heç kimə rüşvət verməyin. Kimsə bunun qarşılığında sizdən rüşvət istəyrərsə, o şəxsi 6 ildən 7 ilə kimi həbs cəzası gözləyir. Rüşvət təklif edən şəxs də cəzasız qalmayacaq. Ölkədə bəzi malların üstündə standart qiymətlər tətbiq edilib. Həmin mallar üçün əlavə pul tələb olunarsa, polisə müraciət etməyiniz xahiş olunur”.

Bu ölkəyə iş qurmaq, sərmayə yatırmaq üçün gedən həmin məmur bildirir ki, şirkət açmaq üçün müvafiq dövlət orqanına müraciətin 10-15 dəqiqə içərisində, yəni 1 fincan çay içib bitirincə həll olunur. Beləliklə, siz şirkətinizi açıb rahat işləyə bilərsiniz. Ərazi, yer seçimi də şirkət sahibinin öhdəsinə buraxılır, fabrik və ya zavod tikdirmək üçün ərazi alıb, 3 il vergi ödəmədən fəaliyyətə keçmək mümkündür.

…Gecə saatlarında polis şəhər kənarında dayanan xarici dövlət nişanlı avtomobil gördükdə, səhərə kimi onun keşiyini çəkir. Digər tanışlarımdan biri deyir ki, ölkəyə daxil olduqdan sonra yorğun olduğu üçün maşını yolun kənarında saxlayıb yataraq səhərin açılmasını gözləyib. Səhər oyananda görür ki, başının üstündə DYP maşını və bir polis dayanıb. Qorxaraq “mən neyləmişəm” deyə sual verdikdə, polis bildirib ki, sadəcə təhlükəsizliyi qorumaq üçün buradadır.

…Məmur deyir ki, onların ölkəmizdə yaşaması, işləməsi üçün bütün şərait yaradılıb - maşınlar, mənzillər, villalar, qadınlar, kef məclisləri. Amma sanki tikanlıqda tikan üstündə oturmuş kimidirlər. İstənilən zaman hansı havanı desələr ona oynamalı, hansı şərqini desələr onu oxumalıdırlar. Onlarınkı tikanlıqda şərqi deməyə bənzəyir. İstənilən zaman o tikanlar onlara batırıl(ır)a bilər.
“Makkalou “Tikanlıqda şərqi deyənlər” ifadəsini sanki bizim üçün deyib. Artıq burada çalışmaq dəhşətdir. Monopoliya, korrupsiya halları daha işləmyə imkan vermir. Biz rüşvət almağa və verməyə alışmışıq”…

… Yeri gəlmişkən, gürcü qohumlarımdan biri Bakıdakı mənzilini satıb, köçüb qonşu ölkəyə. Tibilisinin mərkəzində təzə mənzil, bağ evi alıb, yeni işlə təmin olunub...

... Deyirlər, Gürcüstanın tez bir zamanda dəyişməsinə səbəb  dövlət bayrağındakı 5 xaç işarəsi olub ki, bu da Avropanın xoşuna gəlib və ölkəni dəyişmək üçün külli miqdarda maliyyə ayırıb. Görəsən, biz də dövlət bayrağımıza xaç işarəsi həkk etsək, durumumuz düzələr?

P.S. Azadlıq əldə etmiş , lakin mənəviyyatı pozğun xalqa azad olmaq çətindir” -  Nikolo Makkiavelli” … 
“Gürcüstanda rüşvətxorluğu ona görə aradan qaldıra bildik ki, çünki mən özüm rüşvət almağı kəsdim” – Mixeil Saakaşvili.

P.P.S.  DİN-nin yüksək rütbəli məmurlarından biri deyir: “Bu günlərdə Şimal bölgəsinə getmişdim, dönüşdə Xızıda DYP və bir neçə Jeep avtomobilimin qarşısını kəsdi. Bildirdilər ki,  sən rəisi trasda sürətlə keçib getmisən. Vəsiqəmə baxandan sonar üzr istədilər. Dedim ki, “əcəb edib keçmişəm, boş yoldur getmişəm. Mənim yerimə fəhlə, kasıb biri olsaydı onun qanını soracağdınız? Yığışdırın bu bambılı hərəkətlərinizi””.  Söhbətin sonunda mənə deyir ki, yazma ha bunları, yazmaqla nə qazanacaqsan ki, onsuz da düzələn deyil.  Məncə də haqlıdır, çətin düzələ. Bu günün rəisi deyəsən sabahın naziri olmaq istəiyr. Onsuz da bu ölkədə adı “JEK” müdirinin belə, könlündən prezidentlik keçir…

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?