Ötən gün Latviya Müdafiə Nazirliyi NATO müttəfiqlərinin ölkədəki iştirakının İslandiya nümayəndələri ilə genişləndiriləcəyini bildirib.
Modern.az “Delfi” portalına istinadla xəbər verir ki, Latviyanın Müdafiə Nazirliyinin yaydığı məlumata əsasən, İslandiya NATO-da strateji kommunikasiya məsələləri ilə məşğul olacaq və müvafiq mütəxəssislərlə təmin etmək öhdəliyini yerinə yetirəcək. Bununla yanaşı, islandiyalılar Litva və Estoniyada İttifaqın döyüş qruplarına qoşulacaqlar.
Bildirilib ki, NATO-nun Latviyadakı çoxmillətli kontingentinə Kanada rəhbərlik edir, batalyonun heyətinə isə Latviyada rotasiya prinsipi əsasında xidmət edən, Milli Silahlı Qüvvələr ilə birlikdə təlimlərdə iştirak edən Albaniya, Çexiya, İtaliya, Kanada, Monteneqro, Polşa, Slovakiya, Sloveniya və İspaniyadan təxminən 1400 hərbçi daxildir.
Qeyd edilib ki, İslandiya 1949-cu ildən bu yana NATO-nun üzvü olsa da, daimi orduya sahib deyil.