Modern.az

Cəbhə gündəliyi: 3 noyabrda nələr oldu...

Cəbhə gündəliyi: 3 noyabrda nələr oldu...

Qarabağ

4 Noyabr 2020, 01:47

İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 2-ci ayını yaşayırıq. Noyabrın 3-də də cəbhədə sakit keçməyib. Baxmayaraq ki, tərəflər arasında humanitar atəşkəs razılaması var idi.

Amma Ermənistan hər dəfə olduğu kimi, yenə də atəşkəsin şərtlərini pozdu.

Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 3-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:

- Noyabrın 3-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

- Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

- Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 4 ədəd BM-21 “Qrad” yaylım atəşli reaktiv sistemi, 1 ədəd KUB zenit-raket kompleksi, 9 ədəd müxtəlif tipli topu və 2 ədəd sursatla dolu yük maşını məhv edilib və sıradan çıxarılıb.


- Noyabrın 3-ü saat 00:25-dən 04:45-dək Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonlarından Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən atəşə tutulub.

- Səhər saatlarından guya Azərbaycan Ordusunun Şuşa və Xocavənd şəhərlərindəki dinc əhalini yenidən atəşə tutmağa başlaması barədə Ermənistan mətbuatının yaydığı məlumat yalandır.
Azərbaycan Ordusu mülki əhaliyə və qeyri-hərbi infrastruktura atəş açmır.

- Ermənistan tərəfinin cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun bölmələrinin guya əvvəlki mövqelərinə atıldığı barədə yaydığı məlumat tamamilə həqiqətə uyğun deyil.

- Noyabrın 3-ü saat 09:50-də cəbhədə uçuş keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus taktiki pilotsuz uçuş aparatı (PUA) hava hücumundan müdafiə bölmələrimiz tərəfindən məhv edilib.

- Bu gün Ermənistan mətbuatında guya Şuşa şəhərinə qadağan olunmuş döyüş sursatının atılması barədə yayılan xəbər dezinformasiyadır.

- Düşmənin guya cənub istiqamətində bölmələrimizin minaatan taqımını məhv edərək vacib sənədləri əldə etməsi barədə Ermənistan mətbuatının yaydığı xəbər cəfəngiyatdan başqa bir şey deyil.

- Ermənistan silahlı Qüvvələri Füzuli şəhərini və ətraf kəndləri “Smerç” yaylım atəşli reaktiv sistemindən atəşə tutub.

- Ermənistan mətbuatının guya Azərbaycan xüsusi təyinatlılarına məxsus kalonların Xocavənd rayonunun Taqavard kəndi istiqamətində məhv edilməsi barədə yaydığı məlumatın heç bir əsası yoxdur və düşmənin növbəti uydurmasıdır.

- Döyüş meydanında günü-gündən artmaqda olan itkilərini ört-basdır etməyə çalışan düşmən çıxılmaz vəziyyətdə qaldığı üçün hər dəfə yeni yalan uydurmaq məcburiyyətindədir.

- Noyabrın 2-də Azərbaycan Respublikasının Zəngilan rayonu istiqamətində Ermənistan ilə dövlət sərhədində düşmənin növbəti təxribatının qarşısı alınıb.

- Ermənistan ərazisindən bölmələrimizə hücum edərək dövlət sərhədindəki əlverişli yüksəklikləri ələ keçirməyə cəhd edən düşmənin kəşfiyyat-diversiya qrupu zərərsizləşdirilib.
Düşmən döyüş itkilərini və silah-sursatlarını ərazidə ataraq geri qaçmağa məcbur edilib.

- Bölmələrimizin gördüyü tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin Xankəndi yaxınlığında yerləşən daha iki sursat anbarları məhv edilib.

- Noyabrın 3-də Ermənistan silahlı qüvvələri cəbhənin Ağdərə, Ağdam və Xocavənd istiqamətində hücuma keçməyə cəhd göstərib.

Bölmələrimiz tərəfindən görülən qəti tədbirlər nəticəsində düşmən hücumunun qarşısı alınıb və o, ağır itkilərə məruz qalaraq geri çəkilməyə məcbur edilib.

- İşğal olunmuş ərazimizə gətirilən Ermənistan silahlı qüvvələrinin 543-cü alayının yerləşdiyi müdafiə sahəsinə Azərbaycan Ordusu tərəfindən atəş zərbələri endirilib. Nəticədə Qubadlı istiqamətində fəaliyyət göstərməyə hazırlaşan snayperlərdən ibarət qrup məhv edilib.


- Ermənistan silahlı qüvvələrinin bölmələri yenidən Ağdam və Ağcabədi rayonlarının kəndlərindəki mülki infrastrukturu artilleriya atəşinə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən adekvat cavab tədbirləri görülüb.

- Cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərə cəlb edilən Ermənistan silahlı qüvvələrinin 2-ci motoatıcı alayına vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.

Həmçinin alay komandirinin fərarilik edərək qaçdığı və D-20 artilleriya divizionunun hərbi qulluqçularının itkin düşdüyü də məlum olub.


- Cəbhənin Ağdərə istiqamətində yerləşən Ermənistan silahlı qüvvələrinin 10-cu dağatıcı diviziyasının müdafiə zolağında düşmənin bir neçə tankı sıradan çıxarılıb.

Bölmələrimiz tərəfindən görülən tədbirlər nəticəsində 77-ci əlahiddə zirehli tank taborunun komandiri podpolkovnik Nelson Akopcanyan məhv edilib.


- Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti yanlış məlumatlandırmaqda davam edir.

Ermənistan tərəfinin erməni mövqeləri istiqamətində artilleriya zərbələri endirməsi nəticəsində guya bir neçə mərminin İran ərazisinə düşməsi barədə xəbər “boş patronla havaya güllə atmaq” kimidir.

Birincisi, döyüş əməliyyatları çoxdan sərhəddən şimal istiqamətində və İran ərazilərindən xeyli uzaqlıqda aparılır.

İkincisi, nəzərə alsaq ki, Azərbaycan Ordusu döyüş əməliyyatlarını şimal istiqamətində keçirir, yəni İranla həmsərhəd ərazilərdən işğal altındakı ərazilərin dərinliyinə doğru, hətta nəzəri cəhətdən belə bölmələrimizin atdığı mərmilər İran ərazisinə heç cürə düşə bilməz.

Göründüyü kimi, Ermənistan müdafiə nazirliyinin nümayəndəsi məlumat mətnini yenidən səhv salıb.


- Ermənistan tərəfi hər zaman olduğu kimi yenə də yalan, şişirdilmiş senarilər əsasında yazılmış nağılları ilə uğursuzluqlarını gizlətməyə və narazı əhalisini sakitləşdirməyə çalışır. Belə ki, bu dəfə düşmən guya cəbhənin şimal istiqamətində Ordumuzun “diversiya qrupunun” artilleriya atəşinə tutulması və itki verərək geri çəkilməsi barədə növbəti yalan məlumat yayıb.

Qarşı tərəfin yaydığı bu məlumat da tamamilə dezinformasiyadır və düşmənin növbəti fantaziyasıdır.


- Ermənistan hazırda elə bir vəziyyətdədir ki, artıq nə edəcəyini və hansı yalan və böhtan xarakterli məlumat yayacağını bilmir.

Düşmən Azərbaycan hərbi aviasiya vasitələrinin guya Şuşa və Xankəndidə dinc əhalini atəşə tutması barədə yalan məlumatlar yaymağa davam edir.

Biz bir daha bildiririk ki, Azərbaycan Ordusu dinc əhali və mülki infrastruktura atəş açmır.


- Noyabrın 3-də cəbhənin Xocavənd istiqamətində gedən döyüşlərdə Azərbaycan Ordusunun bölmələri düşmənin tank bölmələrini döyüş meydanından qaçmağa məcbur edib.

Bölmələrimizin dəqiq atəş zərbələri ilə düşmənin bir neçə tankı döyüş heyəti ilə birlikdə məhv edilib.


- Cəbhənin Xocavənd istiqamətindəki döyüşlərdə Ermənistan silahlı qüvvələrinin 37-ci atıcı diviziyasının 3-cü motoatıcı alayının mövqelərindəki yeraltı sığınacaqların atəşə tutulması nəticəsində xeyli sayda şəxsi heyət məhv edilib.

Azərbaycan Ordusunun bu istiqamətdə həyata keçirdiyi tədbirlər nəticəsində motoatıcı alayın komandiri polkovnik Qor İşxanyan da həlak olub.


- Noyabrın 3-ü günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətində Ermənistan silahlı qüvvələrinin üç ədəd topu məhv edilib.

- Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 17 avqust tarixli 755 nömrəli Fərmanı ilə təsdiq edilmiş Silahlı Qüvvələrə Yardım Fonduna cari il noyabrın 2-dək 198.013.034,48 AZN, 10.996.105,84 ABŞ dolları, 165.596,19 avro, 495.521,33 türk lirəsi, 1.294,72 ingilis funt sterlinqi və 5.062.550,00 rubl vəsait daxil olub.

Qeyd edək ki, oktyabrın 1-dən noyabrın 2-dək Silahlı Qüvvələrə Yardım Fonduna 77.906.626,24 AZN, 10.777.425,16 ABŞ dolları, 147.255,19 avro və 5.057.550,00 rubl vəsait daxil olub.

Müdafiə Nazirliyinin rəhbərliyi maddi və mənəvi dəstəyini əsirgəməyən hər kəsə öz minnətdarlığını bildirir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü