Modern.az

İran vətəndaşlarına Bakıda daşınmaz əmlak almaq qadağan olunsa da...

İran vətəndaşlarına Bakıda daşınmaz əmlak almaq qadağan olunsa da...

Təhsil

11 İyul 2012, 16:24

Ekspert: “Azərbaycan paytaxtında ən çox ev alan əcnəbilər elə iranlılardır”

Bir neçə gün öncə Əmlak Məsələləri Dövlət Komitəsindən (ƏMDK) verilən məlumata görə, 2011-ci ilin sonuna xarici vətəndaşlar Azərbaycanda 1265 daşınmaz əmlaka sahib olub ki, bu da bir il əvvələ – 2010-cu ilin nəticələrinə nisbətən 155 əmlak və ya 14% artıqdır.

Bəs Azərbaycanda xarici vətəndaşlara daşınmaz əmlakla bağlı hansı qadağalar var?

“Əmlak bazarı iştirakçıları” İctimai Birliyinin eksperti Ramil Osmanlı Modern.az-a açıqlamasında bildirib ki, yalnız torpaq istisna olmaqla, xarici vətəndaşlara digər əmlak subyektləri almağa icazə verilir. Yəni mənzil, fərdi yaşayış evi, qeyri-yaşayış sahəsi və s.
“Torpaq sahəsi əcnəbi vətəndaşa maksimum 1 il müddətində icarəyə verilə bilər. Digər daşınmaz əmlak obyektləri ilə bağlı hər hansı bir problem mövcud deyil”.

R. Osmanlı qeyd edib ki, 2006-2007-ci illərə nisbətdə xarici vətəndaşların ölkədə daşınmaz əmlak alqı-satqısı 10 dəfəyə qədər azalıb:
“Məsələn, bu gün Əmlak Məsələləri üzrə Dövlət Komitəsi açıqlayıb ki, 1300-ə yaxın daşınmaz əmlak xarici vətəndaş tərəfindən alınıb. Bu rəqəm 2006-2007-ci illərdə bundan 10 dəfə çox idi. Dünyada baş verən böhranın əsas təsirləri Azərbaycanda 2008-ci ilin ortalarından hiss olunmağa başladı ki, o dövrün iyun-iyul-avqust ayından etibarən paytaxtda və digər aktiv bölgələrdə daşınmaz əmlakın qiymətləri sürətlə azalmağa başladı”.

Ekspertin sözlərinə görə, Azərbaycanda ən çox əmlak alan vətəndaşlar əsasən İran vətəndaşlarıdır. “Onlar isə birbaşa öz adlarına deyil, Azərbaycanda yaşayan qohumunun adına obyektləri alırlar. Nazirlər Kabinetinin qərarı var, Azərbaycandakı notariat kontorlarının  daşınmaz əmlakla bağlı müqavilələr bağlamaması üçün təxminən 10 ölkə göstərilir. O ölkənin vətəndaşlarına ev almaq qadağan olunub. Bu ölkələrin sırasında İran da var. Azərbaycanda İran vətəndaşlarına heç bir əmlak almaq hüququ yoxdur. Buna baxmayaraq, İran əhalisinin Azərbaycanda ev almaq marağı daha çoxdur”.

R.Osmanlı bildirir ki, İranla yanaşı, Rusiyadan, Türkiyədən, Gürcüstandan daşınmaz əmlak bazarına istək çox olub. Avropa ölkələrindən isə barmaqla sayılacaq qədər daşınmaz əmlak alan insanlar var.

Sevinc İltifatqızı

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Dövlət çevrilişinə CƏHD- həbslərə başlanıldı: Nə baş verir?