Bu gün Beynəlxalq Mətbuat Mərkəzində QHT Əməkdaşlıq Alyansı bir illik fəaliyyəti ilə bağlı jurnalistlər və geniş ictimaiyyət üçün mətbuat konfransı keçirdi. Mətbuat konfransında Alyansın bir illik fəaliyyəti, görülmüş və görüləcək işlər haqqında məlumat verildi. Mətbuat konfransını açan Alyansın Şura üzvü, İcra Katibliyinin rəhbəri Rəfail Becanov bildirdi ki, QHT Əməkdaşlıq Alyansı 2011-ci ilin iyulun 8-də təsis edilib. Əsas məqsədi QHT-lərin müxtəlif və ölkəyüklü məsələlərdə, vətəndaş cəmiyyətinin inkişafı üçün əməkdaşlıq etməsi olan Alyans ötən bir ilə nəzər saldıqda demək olar ki, öz məqsədlərinin həyata keçirilməsi üçün ciddi addımlar atıb.
Sonra söz Alyansın Şura üzvü Rufiz Qonaqova verildi. Rufiz Qonaqov Alyansın bir il ərzində gördüyü işlər haqqında məlumat verdi. O, bildirdi ki, Alyans ötən ilin iyul ayında təsisi edilib və dekabr ayına kimi bir çox sənədlər üzərində işləyib. Bu müddət ərzində Alyansın prioritetləri müəyyən edilib. Dekabr ayında bu prioritetlər təsdiqlənib. Beləliklə də, bu gün QHT Əməkdaşlıq Alyansının qarşısına qoyduğu məqsədlər ölkədə vətəndaş cəmiyyətinin inkişafına, onların maddi-texniki imkanlarının genişlənməsinə hesablanıb. Alyans ilk olaraq, iyul ayında QHT-lərin beynəlxalq donorlarla münasibəti ilə bağlı tədbirdə təsis edilib. Alyans QHT-lərə Dövlət Dəstəyi Şurasının sədri, millət vəkil Azay Quliyevlə görüşərək, vətəndaş cəmiyyəti qarşısında duran məsələləri müzakirə edib. Bu ilin yanvar ayında dünya əhəmiyyətli tədbir olan “Eurovision-2012” Beynəlxalq Mahnı Müsabiqəsi və vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələr mövzusunda tədbir keçirildi. Daha sonra Xocalı faciəsi ilə bağlı internet aksiya təşkil edildi və bu prosesdə dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan cəlb edildi. Bununla bağlı QHT-lərə Dövlət Dəstəyi Şurası ilə birgə tədbir düzənləndi. Alyans olaraq, Fransa Senatının qondarma erməni genosidini tanımaq cəhdi ilə bağlı Fransa Milli Assambleyasına adlı müraciət edildi və bu müraciət bütün Fransa parlamentinin bütün üzvlərinə göndərildi. Bundan əlavə Fransa Konstitusiya Məhkəməsinə də alyans olaraq xüsusi müraciət göndərildi. Növbəti tədbirimiz isə QHT Evinin yaradılması ilə bağlı oldu. Milli QHT Forumu ilə birgə keçirilən tədbirdə Prezidentə müraciət qəbul edildi və artıq “QHT Evi”nin yaradılması ilə bağlı Prezidentə müraciət edilib və inanırıq ki, yaxın zamanlarda bu həll olunacaq, vətəndaş cəmiyyəti yeni bir hədiyyə alacaq.
Alyansın Şura üzvü Razi Nurullayev Alyansın əsas prioritetləri ilə bağlı çıxış etdi. O bildirdi ki, Alyans qarşısına bir sıra məqsədlər qoyub və bununla bağlı işlərini sistemli şəkildə davam etdirir. Bu prinsipləri bir daha mətbuata və tərəfdaşlarımıza bəyan edirik:
- QHT Evinin (başqa sözlə QHT İnkibatoru, yaxud İctimai Bina) tikilməsi üçün dövlətin sərmayə yatırması təşəbbüsünün dəstəklənməsi;
- Hər bir nazirliyin tərkibində İctimai Komitələrin yaradılması; QHT-lərin dövlət qurumları ilə vətəndaşlar arasında körpü rolunu oynaması;
- Sosial sahibkarlıq ideyasının inkişaf etdirilməsi və Milli donorçuluq institutunun yaradılması;
- Himayə Fondlarının (Endownment Fund) yaradılması təşəbbüslərinin dəstəklənməsi;
- QHT-lərin qeydiyyat probleminin həllinə dəstək;
- QHT-lər və ümumilikdə İctimai Sektor ilə bağlı cari məsələlər üzərində ictimai müzakirələrin təşkili, tədqiqatların aparılması və dövlət siyasətinə təsir göstərmək üçün fəaliyyət.
Daha sonra Alyansın koordinatoru Xanoğlan Əhmədov çıxış etdi. O bildirdi ki, bu gün Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu istiqamətində tamamilə yeni proseslər başlayıb. QHT-lər ictimai sektorun danılmaz strukturuna çevrilməkdədir . QHT Əməkdaşlıq Alyansı QHT-lərin öz təşəbbüsü ilə formalaşmış bir koalisiyadır. Bizim məqsədimiz vətəndaş cəmiyyəti quruculuğunda Azərbaycanın milli maraqlarına uyğun olaraq vətəndaş cəmiyyətini sivil topluma çevirməkdən ibarətdir. Mən inanıram ki, Alyans bu fəaliyyəti ilə yaxın gələcəkdə vətəndaş cəmiyyətinin ən mühüm strukturlarından birinə çevriləcək. Alyans doğrudan da bu il ərzində böyük işlər görüb və bu işlər davam etdirilməlidir. Biz Alyansın hazırkı Şurası olaraq, üzərimizə düşən vəzifələrin icrasına çalışırıq. Hesab edirəm ki, bunun öhdəsində gələcəyik və Alyansın ümumi yığıncağında gördüyümüz işlərlə bağlı hesabat verə biləcyik.
Mətbuat konfransının sonunda Alyansın Şura üzvü Rufiz Qonaqov vətəndaş cəmiyyətinin qarşısında duran vəzifələr və Alyansın gələcək fəaliyyəti ilə bağlı öz münasibətini bildirdi. O, bildirdi ki, bu gün dövlət QHT-lərə daha çox diqqət ayırır, vətəndaş cəmiyyətinin inkişafına qayğı göstərir. İyul ayının 2-də Prezident Adminstrasiyası ictimai-siyasi şöbəsinin müdiri cənab Əli Həsənov QHT-lərlə görüşündə də bu məsələni bir daha diqqətə çatdırdı. Bu da onu göstərir ki, QHT-lər dövlətin tərəfdaşıdır. Dövlətin QHT-lərə tərəfdaş kimi baxması vətəndaş cəmiyyətinin inkişafına daha da güclü təkan verəcək. Ona görə də yaxın illərdə maraqlı yeniliklərin şahidi olacağıq
Tədbirdə Alyansın Şura üzvləri İradə Yaqubova, Nailə İsmayılova, Yadigar Məmmədli, Gülsel Səfərova və digərləri çıxış etdilər.
Daha sonra QHT Əməkdaşlıq Alyansı Şurasının üzvləri jurnalistlərin müxtəlif suallarını cavablandırdılar.
Modern.az