Modern.az

“Türkiyəyə təşəkkür edirəm ki, ağır günlərdə bizim yanımızdadırlar” – “Qarabağ”ın baş məşqçisi

“Türkiyəyə təşəkkür edirəm ki, ağır günlərdə bizim yanımızdadırlar” – “Qarabağ”ın baş məşqçisi

Aktual

4 Noyabr 2020, 21:06

“Hər iki komandanın xalı yoxdur. Matç bizim və rəqib üçün vacibdir”.

 

Modern.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin 3-cü turunda Türkiyədə "Sivasspor"a qarşı keçirəcəkləri matçdan öncə təşkil olunan mətbuat konfransında bildirib.

 

O, gözəl oyun və maksimum nəticə üçün meydana çıxacaqlarını deyib:

 

"Hər iki komandaya uğurlar arzulayıram. Biz Türkiyə ilə iki dövlət, bir millətik. Hər zaman qardaşlığı hiss etmişik. "Vilyarreal"la ikinci turda İstanbuldakı matçda da gördük. Bizə böyük diqqət ayrıldı. Bu gün bunu hava limanında da hiss etdim. Türkiyə dövlətinə təşəkkür edirəm ki, ağır günlərdə bizim yanımızdadırlar. Bu gün mənə Qurani-Kərim hədiyyə edildi. Həmin bayraqlar və Qurani-Kərim evimdə olacaq. Bu gün bir daha hiss etdim ki, başqa ölkədə deyilik, öz vətənimizdəyik. Futbol idmandır. Biz sabah qazanmaq üçün oynayacağıq. Mübarizə yalnız meydanda olacaq. Türkiyə futbolunu çox yaxından izləyirik və azarkeşlik edirik. Qürur hiss keçirirəm ki, bizim matçlarımız qardaş Türkiyədə keçirilir".

 

Baş məşqçi qeyd edib ki, komandası heç vaxt qrupdan çıxa bilməyib.

 

“Həmişə sona qədər mübarizə aparmışıq. Bir neçə dəfə növbəti mərhələ üçün şansımız olub. Amma alınmayıb. Avropa Liqasının qrup oyunlarında hər bir ölkənin yaxşı komandaları çıxış edir. Biz böyük təcrübə toplayırıq. İnanıram ki, bəzi məğlubiyyət gələcəkdə bizə fayda verəcək. Bizim hələ ki, hazırkı qrupda xalımız yoxdur, amma şansımız var. Məğlubiyyət, bəlkə də, şansların qarşısını ala bilər. Hədəfimiz qələbə qazanmaqdır", - deyə Q.Qurbanov bildirib.

 

Qeyd edək ki, sabah keçiriləcək "Sivasspor" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 21:55-də start götürəcək.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi