İşğalçı Ermənistanla sentyabrın 27-sindən başlayan qanlı müharibənin 39-cu günü başa çatdı. Noyabrın 4-də də cəbhədə şiddətli döyüşlər davam etdi. Azərbaycan Ordusu Qarabağın dərinliklərinə doğru irəliləməkdədir.
Modern.az saytı Azərbaycan Müdafiə Nazirliyinin noyabrın 4-də yaydığı rəsmi məlumatların xülassəsini təqdim edir:
- Noyabrın 4-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.
- Döyüş əməliyyatları müxtəlif intensivliklə əsasən cəbhənin Tərtər, Ağdam, Xocavənd, Zəngilan və Qubadlı istiqamətlərində davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.
- Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 3 ədəd D-30 haubitsa topu, 1 ədəd “Zastava M-55” zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.
- Noyabrın 4-ü saat 08.05-dən başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Tərtər rayonunun Hüsənli və Qazyan kəndlərini, eləcə də Ağcabədi rayonunun Hacılar, Qaraxanlı və Boyat kəndlərini ara-sıra artilleriya atəşinə tutub.
Azərbaycan Ordusunun bölmələri adekvat cavab tədbirləri görüb.
- Ermənistan silahlı qüvvələrinin bölmələri Ermənistan-Azərbaycan dövlət sərhədində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini minaatan və atıcı silahlardan yenə atəşə tutub.
- Noyabrın 4-ü saat 01:08-dən 08:10-dək Ermənistanın Berd rayonu istiqamətindən Azərbaycanın Tovuz və Ağstafa rayonlarında yerləşən hərbi bölmələrimizin mövqeləri düşmən tərəfindən ara-sıra atəşə tutulub.
- Noyabrın 4-ü saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutub.
Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülüb.
- Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilir.
Noyabrın 3-də günün ikinci yarısında cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd “M-55” zenit qurğusu dəqiq atəşlə məhv edilib.
Qeyd edək ki, 1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.
- Cəbhənin cənub sahəsində Azərbaycan Ordusunun guya 3 tankının vurulması barədə Ermənistan tərəfinin yaydığı məlumat həqiqətə uyğun deyil və tamamilə yalandır.
Cəbhənin Xocavənd istiqamətində Azərbaycan Ordusu düşmən üzərində taktiki, atəş və ərazi üstünlüyünə malikdir. Düşmən ordusu mənəvi və psixoloji baxımdan əzilmiş vəziyyətdə olduğu üçün qarşı tərəf mediada bu cür əsassız xəbərlər yaymaq məcburiyyətindədir.
- Cəbhənin Ağdərə istiqamətində döyüşlərdə iştirak edən Ermənistan silahlı qüvvələrinin 5-ci dağatıcı alayının bölmələrinə vurulan atəş zərbəsi ilə xeyli sayda şəxsi heyət məhv edilib və döyüş texnikası sıradan çıxarılıb.
UAZ markalı hərbi avtomobilin sıradan çıxarılması nəticəsində məhv edilən şəxsi heyətlə arasında hərbi hissənin zabiti kapitan Ando Qrikoryan da olub.
- Tərtər şəhəri və rayonun Şıxarx qəsəbəsi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşinə tutulub.
- Hər gün döyüşlərdə üzləşdiyi uğursuzluqlar, verdiyi çoxlu sayda itkilər və itirdiyi vacib mövqelər düşməni müxtəlif üsullara əl atmağa vadar edir. “Müharibədə bütün vasitələr yaxşıdır” prinsipindən irəli gələrək düşmən artıq Azərbaycan Ordusunun hərbi qulluqçularına qarşı böhtan və qarayaxama kampaniyasına başlayıb.
Ermənistan tərəfinin guya Azərbaycan hərbçilərinin Xocavənd rayonunun Tuğ kəndində hərbi cinayətlər törətməsi barədə iddiaları iftiradan başqa bir şey deyil.
Ali Baş Komandanın da vurğuladığı kimi “Biz heç vaxt mülki əhaliyə qarşı mübarizə, müharibə aparmamışıq, bundan sonra da aparmayacağıq”. Məhz Ermənistan Gəncə və Bərdə şəhərlərinin dinc sakinlərini vəhşicəsinə raket atəşinə tutmaqla özünün əsl müharibə cinayəti törətdiyini bir daha sübut etdi.
Bildiririk ki, Azərbaycan Ordusunun şəxsi heyəti Beynəlxalq humanitar hüququn əsası hesab edilən Cenevrə konvensiyası və digər normativ-hüquqi sənədlərinin tələblərinə riayət edir. Bu isə o deməkdir ki, döyüşlərdə iştirak edən hərbi qulluqçularımız mülki əhali ilə davranış qaydalarına əməl edir.
- Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad edib.
- Azərbaycana məxsus 2 ədəd pilotsuz uçuş aparatının (PUA) Ermənistan HHM bölmələri tərəfindən vurulması barədə düşmən tərəfinin yaydığı məlumat yalandır.
Bildiririk ki, Azərbaycan PUA-ları Ermənistan ərazisi üzərində uçuşlar həyata keçirmir.
- Noyabrın 4-də Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı qətiyyətlə alınıb.
Ciddi döyüş itkiləri verən düşmənin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib.