Keçmiş jurnalist, mətbuatda Sevinc Akifqızı imzası ilə tanınan mədəniyyət yazarı artıq iki ildən çoxdur media sahəsindən şou aləminə keçib. Onun bu yaxınlarda “Səbuhi” studiyası tərəfindən “Nə bilirsən, Nə çəkirəm?” adlı diski işıq üzü görüb. Diskdə olan şeir və mahnılar əsasən ana və məhəbbət mövzusundadır. S.Akifqızının şeirlərinə yazılmış mahnıları isə sənət aləminin tanınmış simalarından olan istedadlı xanəndə Elnarə Abdullayeva, müğənnilər Sədaqət, Səyyad Əlizadə, Tağı Salahoğlu, Rübabə və başqaları ifa edir.
Sevinc Akifqızı Modern.az saytına ilk diski haqqında məlumat verib:
“Yəqin çoxlarını maraqlandıracaq ki, niyə məhz Ana və məhəbbət mövzusuna müraciət etmişəm? Səbəbini isə belə izah edərdim ki, bizi dünyaya gətirən yeganə varlıq Anadır. Bizi yaşadan, ruh verən isə anaya, vətənə, övlada və yaxınlarımıza olan sevgidir. Hazırda daimi olaraq çalışdığım xanəndə Elnarə Abdulayevadır. O, ifalarının əksəriyyətində mənim sözlərimdən istifadə edir”.
Şairə xanım son zamanlar hər yerindən duranın “müğənniyəm” deyib, şou aləmində hay-küy salmalarını yağışdan sonra artan göbələklərə bənzədib:
”Onlar bir yana qalsın. Çox arzu edərdim ki, Azərbaycan poeziyasında daha sanballı şeir müəlliflərinin sayı çox olsun ki, müğənnilərimiz şeir qıtlığı çəkib mənasız sözlərə müraciət etməsinlər“.
Modern.az