Modern.az

Milli Məclisdə “parta yoldaşlığı” - Fəzail İbrahimli və Sabir Rüstəmxanlı

Milli Məclisdə “parta yoldaşlığı” - Fəzail İbrahimli və Sabir Rüstəmxanlı

Parlament

12 İyul 2012, 13:33

Modern.az saytı Milli Məclisin iclas zalında yanaşı əyləşən deputatların “parta yoldaşlığı” ilə bağlı silsilə yazılarını davam etdirir. “Parta yoldaşlığı” layihəsinin budəfəki qonaqları köhnə tanışlar Fəzail İbrahimli və Sabir Rüstəmxanlıdır.

Millət vəkillərinin tanışlığı onların təmsil olunduğu Vətəndaş Həmrəyliyi Partiyasından başlayıb. Fəzail İbrahimli sonradan bu tanışlığın Milli Məclisdəki “parta yoldaşlığı”na çevrildiyini deyir. Milli Məclisdəki yoldaşını ilk dəfə meydan hərəkatındakı çıxışlarından tanıyan F.İbrahimli məhz bu çıxışların onu xalqa sevdirdiyini deyir:

““Parta yoldaşım”la tanışlığım partiyaya gəlişimdən sonra olub. Sabir Rüstəmxanlı meydan hərəkatının öndərlərindən biridir. Azərbaycanda hələ heç kimin adı, soyadı tanınmayanda Sabir Rüstəmxanlı meydanda böyük insan toplusu qarşısında çıxış edirdi. Milyonlarla insan onun danışığına qulaq asırdı. Meydan hərəkatından çox az müddət sonra onun “Ömür” kitabı çıxdı. Hətta o vaxt bu kitabı qızlara cehiz verirdilər”.

F.İbrahimlinin sözlərinə görə, hələ AXC hakimiyyəti dövründə mətbuat və informasiya naziri işləyən S.Rüstəmxanlı o vaxt çox maraqlı bir gediş edib: partiya yaratmaq qərarına gəlib.

“Parta yoldaşları”nın münasibətləri bu patriyanın yaradılması gedişində daha da istiləşib:

“Bu partiya 1992-ci ilin oktyabrında yaradıldı. Partiyanın yaradılmasında “vətəndaş”, “həmrəylik” ifadələrini gündəmə gətirdik. Bu da təsadüfi deyildi. Çünki Azərbaycan o vaxt səksəkəli bir dövr yaşayırdı - siyasi liderlər, ətrafına silahlı qüvvələr toplamış insanlar və insana bənzərlər peyda olmuşdu. Yetmiş ilə yaxın müddətdə imperiya tərkibində yaşayan bir ölkənin müstəqillik əldə etdiyi bir vaxtda susmaq ən aşağısı rəzil vəziyyətdə olmaq idi. Müstəqillik qazanmış bir məmləkətin bütövlüyünü istədik. Daxildəki o çaxnaşmaları kənara qoymaq, insanların bir-birinə zidd münasibətlərini aradan qaldırmaq naminə Vətəndaş Həmrəyliyi Partiyasını yaratdıq. Şüarımız isə təbii ki, belə oldu – “Azərbaycanın nicatı onun həmrəyliyindədir””.

Bu partiyanın yaradılması ilə bir-birini daha yaxından tanıyan millət vəkilləri sonradan Milli Məclisdə yanaşı əyləşmək qərarına gəliblər.

“Parta yoldaşı”nı ağız dolusu tərif edən Fəzail İbrahimlidən fərqli olaraq Sabir Rüstəmxanlı “Milli Məclisdə hərənin öz yeri var” deməklə kifayətləndi.


Gültəkin Ələsgər
 

Sizə yeni x var
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım