“Mən etiraf etməyi vacib bilirəm ki, Azərbaycanın ərazi bütövlüyü problemi var və bunun (işğalı nəzərdə tutur – red.) əbədi davam edəcəyi barədə illüziya Ermənistan rəhbərliyini pis vəziyyətdə qoydu. Şübhəsiz ki, maliyyə imkanlarına sahib olan azərbaycanlıların gec-tez öz ərazi bütövlüyünü bərpa edəcəkləri bəlli idi”.
Modern.az xəbər verir ki, bunu Rusiyanın xalq artisti, kinorejissor Karen Şahnazarov “Den TV” kanalının efirində bildirib.
Onun fikrincə, münaqişə, ilk növbədə, Azərbaycanın ərazi toxunulmazlığına təsir edib və onun ərazi bütövlüyü bərpa olunmalıdır.
K.Şahnazarov, həmçinin Ermənistanın 20 il əvvəl bu münaqişəni sülh yolu ilə həll etmək şansının olduğunu qeyd edib:
“Bu yaxınlarda Ermənistanın birinci prezidenti Ter-Petrosyanın bir il əvvəl BBC telekanalına verdiyi müsahibəsini gördüm və çox maraqlıdır ki, erməni ictimaiyyətinin bir hissəsi onu görməzdən gəlib. Orada sabiq prezident qeyd edir ki, 1997-ci ildə praktiki olaraq razılığa gəlinib ki, azərbaycanlıların əzəli olaraq yaşadığı yeddi rayon bu ölkəyə qaytarılır və bir müddət sonra erməni tərəfi üçün müəyyən bir status nəzərdə tutulub. Görünür, bu status azərbaycanlıları da qane edirmiş. Ancaq Ter-Petrosyanın qeyd etdiyi kimi, bu baş vermədi, çünki Qarabağda ermənilərinin başında dayananlar buna qarşı idilər. Erməni tərəfi son hərbi toqquşmalardan xeyli əvvəl kompromisə getməli idi”.
Rejissor, münaqişənin sülh yolu ilə həll edilməsinə çalışan Rusiyanın eyni zamanda hərbi toqquşmalarda iştirak edə bilməyəcəyini də qeyd edib:
“Rusiyanın indi nə qədər təsir edə biləcəyini söyləmək çətindir, çünki onun imkanları Sovet İttifaqının imkanları kimi deyil. Rusiya Federasiyası Qarabağ münaqişəsinə birbaşa müdaxilə edə bilməz”.