Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva noyabrın 4-də Zərdab və Ucar rayonlarından olan seçiciləri ilə növbəti onlayn qəbulunu keçirib.
Modern.az xəbər verir ki, Jalə Əliyeva ilk növbədə torpaqlarımızın erməni işğalından azad edilməsi uğrunda gedən müzəffər döyüşlərdə əldə etdiyimiz qələbələrlə qəhrəman əsgər və zabitlərimizlə bütün Azərbaycanın iftixar etdiyini bildirib. Müqəddəs amal uğrunda canından keçən şəhidlərimizə Allahdan rəhmət diləyib.
Jalə Əliyeva bütün qələbələrimiz üçün ölkə Prezidenti Ali Baş Komandan cənab İlham Əliyevə borclu və minnətdar olduğumuzu söyləyib. Videoqəbulda iştirak edənlər də bu fikirlərə həmrəylik ifadə edib. Ordumuza yeni qələbələr arzulayıb və Ali Baş Komandana təşəkkürlərini çatdırmasını deputatdan xahiş ediblər.
Bu gün ən əsas diqqətin cəbhəyə yönəlməli olduğunu dilə gətirən vətəndaşlar eyni zamanda onları narahat edən bəzi məsələləri də dilə gətiriblər. Ünvanlı sosial yardımın təyin edilməsi , əlllik dərəcəsinin müəyyənləşdirilməsi, qazlaşdırma, müxtəlif xəstəliklərin müalicəsi, işlə təmin, “əmək veteranı" statusunun alınması və sairə kimi məsələlərlə bağlı ortaya çıxan çətinliklərin aradan qaldırılmasında köməklik göstərməsini deputatlardan xahiş ediblər.
Jalə Əliyeva hər bir seçicinin şikayətini diqqətlə dinləyərək qaldırılan məsələlərlə bağlı məsləhətlərini verib və problemlərin müsbət həlli üçün mümkün olan köməkliyi göstərəcəyini bildirib. Bəzi məsələlər elə qəbul sırasında əlaqədar qurumlara müraciət edilərək həllini tapıb.