“Yenilik gözlənilmir, çünki əksəriyyət istirahətdədir”
Ramazan ayının gəlişinə telekanallarda ciddi hazırlıq getmir.
Modern.az-ın sorğuladığı TV-lərdən alınan cavablar bunu iddia etməyə əsas verir.
ATV təmsilçisi Vaqif Aydınoğlunun sözlərinə görə, yay dövrü olduğundan əksər verilişlər mövsüm finalını tamamlayıb. “Kollektivin bir hissəsi istirahətdədir, ona görə də orucluqla bağlı ATV-nin proqram siyasətində hər hansı bir yenilik gözlənilmir”.
"Xəzər" televiziyasının mətbuat xidmətindən bildirildi ki, auditoriya Ramazan ayını hiss edəcək: “Böyük həcmdə olmayan gündəlik buraxılışlar olacaq. Bununla bağlı verilişlərimizdə Ramazanın fəzilətini insanlara anlatmaqla, təbliğ etməklə bağlı olacaq. Ən əsası insanların təkcə Ramazan ayında deyil, ilin bütün vaxtlarında xeyirxah, gözütox olmaları, nəfslərini idarə etmələri aşılanacaq”.
AzTV-nin mətbuat xidmətinin rəhbəri Xatirə Qasım qeyd etdi ki, hər zamanki kimi, Ramazan ayı boyu da iki dini-mənəvi veriliş yayımlanacaq: “ Hələ ki Az TV olaraq izləyicilərə hər hansı bir yenilik təqdim etmək fikrimiz yoxdur. “Haqqın dərgahı” və Mədəniyyət telekanalında “Nur damlaları” verilişinə yer veriləcək”.
İctimai Televiziyanın proqram və koordinasiya direktoru Rafiq Nəbiyevin sözlərindən aydın oldu ki, Orucluq bayramının gəlişi ilə əlaqədar bu telekanalda Ramazan ayının gəlişi ciddi hiss etdirəcək: “Reklam çarxları nümayiş olunacaq. “Din və cəmiyyət” verilişimiz tamamilə müqəddəs bayrama həsr olunacaq. Bundan əlavə, dini mövzuda bir neçə sənədli filmimiz var, Onlardan biri 3 seriyalı “Quran möcüzələri” filmdir”.
ANS efirində orucluqla bağlı veriliş və filmlər təqdim edəcək: “Kanalımızda dualar, hədislər, ayələrlə bağlı reklam rolikləri təqdim olunacaq. Əsasən iftar vaxtında”.
"Space" televiziyasında isə bu haqda heç düşünməyiblər.
Aygün Asifqızı