Ekspert: “Beş qəpiyə yalnız kibrit almaq olar”
Bir, üç, beş qəpiklərin ikinci dəfə dövriyyəyə buraxılması 2006-cı ildə manatın denominasiyasından sonra mümkün oldu. Lakin təəssüf ki, bu dəfə də kiçik nominallı pul nişanları özünü doğrultmadı və dövriyyədən faktiki olaraq çıxarıldı. Araşdırmalar göstərir ki, hazırda banklar və “Almalı” mağazalar şəbəkəsi istisna olmaqla, demək olar ki, heç kəs bir, üç və beş qəpikliklərdən istifadə etmir. Kiçik sövdələşmələrdə birdən ona qədər olan rəqəmlərdən istifadə olunmasına baxmayaraq, ödəniş zamanı yuvarlaq hesablamalara əsaslanır. Artıq vəziyyət o həddə çatıb ki, kiçik nominallı pullardan istifadə insanlar arasında narazılıq da yaradır. Heç kim bir, üç, beş qəpik götürmək istəmir.
Mərkəzi Bankdan isə bildirdilər ki, bir, üç, beş qəpiklərin alış-veriş zamanı qəbul olunmaması vətəndaşların hüquqlarının pozulmasıdır. Belə olan halda isə həmin vətəndaşlar hüquq-mühafizə orqanlarına müraciət etməlidirlər.
Mövzu ilə bağlı fikirlərini bizimlə bölüşən iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, Azərbaycanda qara qəpik adlandırılan xırda pulların alıcılıq qabiliyyəti olmadığından istifadə edilmir. Bu gün bir, üç ümumiyyətlə heç nə almaq mümkün deyil. Beş qəpiyə isə yalnız kibrit almaq olar. Ona görə də bu nominallardan geniş istifadə olunmur.
Dövriyyədə olan kiçik nominallı pul vahidlərinin həm xidmət, həm də satış obyektləri tərəfindən qəbul edilməməsini qanunvericiliyə zidd olduğunu deyən iqtisadçının sözlərinə görə, qanun dövriyyədə olan bütün əskinasların, eləcə də xırda pulları istisnasız qəbul edilməsini tələb edir.
“Təəssüf ki, reallıqda bu baş vermir. Kiçik xidmət və satış obyektləri ona görə belə pulları qəbul etmirlər ki, sonradan vətəndaşlar da həmin pulları qəbul etmirlər. Əslində kiçik pulların alıcılıq qabiliyyəti çox aşağı olduğundan bunları nə satış obyektləri nə də vətəndaşlar qəbul etməkdə maraqlı deyillər. Onda belə bir sual yaranır ki, kiçik pulların dövriyyədə qalmasına ehtiyac varmı? Birmənalı şəkildə yox. Əgər bu gün Azərbaycanda bir, üç, beş qəpikliklər praktik olaraq heç nə almaq mümkün deyilsə və onun alıcılıq qabiliyyəti yoxdursa onlar dövriyyədən çıxmalıdır”, – deyə ekspert bildirib.
Alıcılıq qabiliyyəti olmayan “qara pul”ların dövriyyədə qalması dövriyyənin şişməsi ilə nəticələnir deyən V. Bayramov belə pullarla sövdələşmələrin aparılmasının satıcı və alıcı münasibətlərində də problemlər yaratdığını bildirdi: “Həmin pulların dövriyyədən çıxarılmasına ehtiyac var. Çünki “qara qəpiklər” dövriyyədən çıxarılsa belə, inflyasiya yaratmayacaq. Bu pulların istehlak bazarına və inflyasiyaya təsir imkanları yoxdur. Bu baxımdan həmin pulların dövriyyədən çıxarılması daha məqsədəuyğundur”.
“Qara pullar”ın dövriyyədə olduğu müddətdə bütün satış və xidmət obyektlərinin bu pulları qəbul etməli olduqlarını deyən ekspertin sözlərinə görə, pulların qəbulu ilə bağlı hər hansı problem yaranırsa o zaman vətəndaş həmin satış və xidmət obyektindən Mərkəzi Banka və pul dövriyyəsinin tənzimlənməsini təmin edən quruma şikayət və müraciət edə bilər: “Hətta dövriyyədə olan milli valyutanı qəbul etməkdən imtina edən satış obyektlərinə qanunla cərimələr tətbiq edilir. Əgər belə bir hal yenidən təkrarlanırsa müvafiq qurumların həmin satış obyektlərinin fəaliyyətinin dayandırılması ilə bağlı qərar vermək hüququ var”.
Onu da qeyd edək ki, Azərbaycanın milli valyutası o, cümlədən metal sikkələr Avstriyada istehsal olunur. Bu nominallar içərisində yalnız bir, qəpikliklərin nominal dəyəri onun istehsal xərclərindən aşağıdır. Yəni bir qəpiklik həm də özünü iqtisadi baxımdan doğrultmur.
Gültəkin Ələsgər