Modern.az

Parlament jurnalistləri hansı deputatları “medianın dostu” hesab edirlər?

Parlament jurnalistləri hansı deputatları “medianın dostu” hesab edirlər?

Parlament

12 İyul 2012, 16:57

KİV nümayəndələri millət vəkillərinin adlarını çəkdilər

Milli Mətbuat günü ərəfəsində parlament jurnalistləri Milli Məclis üzvlərindən kimi “medianın dostu” hesab edir?

Modern.az-ın sorğusunda iştirak edən “Azadinform” İnformasiya Agentliyinin əməkdaşı Mübariz Aslanovun fikrincə, deputatların bir çoxu müsahibələr üçün o qədər də qapalı deyillər, amma hərdən problemlər də olur.
“Öncə daha açıq deputatlardan başlamaq istəyirəm: Zahid Oruc istənilən anda jurnalistin istər telefon, istərsə də digər vasitə ilə sorğusuna cavab verən deputatdır. Bundan başqa, Aydın Mirzəzadə, Mübariz Qurbanlı, Fuad Muradov, Musa Qasımlı, Azay Quliyev, Siyavuş Novruzov, İqbal Ağazadə, Fazil Mustafa, Fərəc Quliyev, Məlahət İbrahimqızı, Elmira Axundova, Bahar Muradova, Rövşən Rzayev və s. daim jurnalistlər ilə ünsiyyətdə olan deputatlardır. Yerdə qalan digər deputatlar ya az, ya da ümumiyyətlə jurnalistlərlə ünsiyyətdə olmurlar, yəni qapalıdırlar”.

“Üç nöqtə” qəzetinin əməkdaşı Elməddin Muradlı jurnalistlərə açıq, yaxın olan deputatların sayının getdikcə azaldığını deyir.
“Mən ad çəkmək istəmirəm, amma onlar özləri bilir kimləri demək istəyirəm. O qədər tanınmış insanlardılar ki, indi işləri düzəlib və jurnalistlərlə işləmək daha onlara sərf etmir”. Buna görə jurnalist deputatları 3 kateqoriyaya böldüyünü deyir.
“Birincisi, əsl jurnalistlərlə, həqiqi mətbuatla işləyən, onlara qarşı açıq olan deputatlar; ikincisi, “reket jurnalistlər”lə, tanınmayan qəzetlərdə yazı çap etdirən deputatlar, üçüncüsü isə ümumiyyətlə jurnalistlərdən uzaq olan deputatlar. Üçüncülərin yanında jurnalist adı çəkəndə cinlənirlər. Məsələn, Əsabil Qasımov adlı bir deputat var, onun rəhbərlik etdiyi şirkətdən şikayət var idi. Parlamentdə ona sual verəndə mənə dedi ki, “get işinlə məşğul ol”. Başa düşmürəm bu adam hələ dərk etmir ki, jurnalistin işi nədir? Amma bizə qarşı səmimi, açıq münasibət göstərən, həmişə informasiya almaq cəhdlərimizi boşa çıxarmayan deputatlar da var: Bahar Muradova, Qənirə Paşayeva, Azay Quliyev, Qüdrət Həsənquliyev, Musa Quliyev, Çingiz Qənizadə, Fuad Muradov, Aqiyə Naxçıvanlı, Səməd Seyidov, Fazil Mustafa, İqbal Ağazadə. Ancaq ümumi sayda bu cür deputatlar çox az sayda görünür”.

“Mediaforum” saytının əməkdaşı İmdad Əlizadə isə konkret adlar çəkib: “Qənirə Paşayeva, Bəxtiyar Əliyev, Zahid Oruc, Fuad Muradov, Azay quliyev, İqbal Ağazadə, Fəzail Ağamalı, Siyavuş Novruzov, Musa Quliyev, Məlahət İbrahimqızı, Abel Məhərrəmov, Hadı Rəcəbli, Fazil Mustafa jurnalistlərlə daim ünsiyyətdə olan deputatlardır”.

“Yeni Azərbaycan” qəzetinin əməkdaşı Nardar Bayramlı bildirib ki, təmsil etdiyi mətbu orqan millət vəkillərinin böyük əksəriyyəti ilə fəal əməkdaşlıq edir. Onun sözlərinə görə, deputatların əksəriyyəti ilə müvafiq mövzulara uyğun açıqlamalar, müsahibələr götürə bilir. Həmçinin deputatlar qəzetin təşkil etdiyi dəyirmi masalarda da yaxından iştirak edirlər.
“Onu demək istəyirəm ki, bizim parlamentarilərlə yaxşı münasibətlərimiz mövcuddur. Deputatların kimlərin mətbuata açıq olub-olmamasını jurnalistlər daha yaxşı bilirlər. Bəzi hallarda həmkarlarımız hansısa deputatlardan müsahibələr, açıqlamalar götürməyə meyl etmirlər. Amma bu o demək deyil ki, həmn deputatlar mətbuatdan qaçır. Yəni burada jurnalistlər maraqlı olmalıdır ki, bütün deputatların fəaliyyətini cəmiyyətə təqdim edə bilsinlər. Bununla belə qeyd etmək istəyirəm ki, az da olsa, həqiqətən mətbuatla fəal əməkdaşlığa meyl etməyən deputatlar da var. Mən ad çəkmək istəmirəm, şəxsən bəzi deputatlardan açıqlama, müsahibələr götürmək üçün müraciət etsəm də, onlar səmimi şəkildə mətbuatda çıxış etməkdə maraqlı olmadığını deyiblər. Belə hallar əsasən 2010-cu ildə parlament seçkilərdə seçilmiş deputatlara aiddir”, – deyə N. Bayramlı qeyd edib.   

“Kaspi” qəzetinin əməkdaşı İlham Quliyevin sözlərinə görə, Milli Məclisdə jurnalistlərə açıq olan deputatların sayı o qədər də çox deyil.
“Daim jurnalistlərin suallarına cavab verməyə açıq olanlardan Fazil Mustafanın, Aydın Mirzəzadənin, Rəbiyyət Aslanovanın, Asim Mollazadənin, həmkarımız hesab etdiyimiz Qənirə Paşayevanın, Jalə Əliyevanın, Məlahət İbrahimqızının, Fuad Muradovun, Əli Məsimlinin, Fəzail İbrahimlinin, Sabir Rüstəmxanlının, Azay Quliyevin, Fəzail Ağamalının, Zahid Orucun adını çəkə bilərəm. Hesab edirəm ki, adını çəkdiyim bu millət vəkilləri həm də jurnalistlərin dostu hesab edilə bilər”.

“Xəbərlər-Azərbaycan” İnformasiya Agentliyinin əməkdaşı Mürtəza Bünyadov jurnalistlərə yaxın, mətbuata açıq deputatların çox olduğunu qeyd edib. “Musa Qasımlı, Aydın Mirzəzadə, Çingiz Qənizadə, Sabir Rüstəmxanlı, Fazil Mustafa, Zahid Oruc, Ziyad Səmədzadə, Ziyafət Əsgərov, Rəbiyyət Aslanova, Nizami Cəfərov, Səməd Seyidov, Əli Məsimli, Vahid Əhmədov, Hadı Rəcəbli, Bahar Muradova və s.  Bu sıra  saymaqla bitmir. Deputatlarımızın əksəriyyəti, komitə rəhbərləri mətbuata açıqdırlar. Amma elə deputatlar da var ki, onlar 10 il deputat olmasına baxmayaraq, hələ də jurnalistlərə açıq deyillər. Və ya elə deputatlar var ki, iki ildir seçilib, amma jurnalistlərin çoxunun onlardan xəbəri yoxdur. Onlar danışanda hamı təəccüblə baxır ki, bu da deputatdır?”.

“Olaylar” İnformasiya Agentliyinin əməkdaşı Alim Hüseynli Milli Məclisdə jurnalistlərlə ünsiyyətdə ən rahat deputatların Qüdrət Həsənquliyev, Azay Quliyev, Məlahət İbrahimqızı, Qənirə Paşayeva, Rəbiyyət Aslanova, Bahar Muradova, Fuad Muradov, Mübariz Qurbanlı, Siyavuş Novruzov olduğunu deyir.
“Bu sessiya dövründə deputatların əksəriyyəti ilə müsahibələr götürmək, suallar vermək asan idi. Amma bəzi deputatlar var ki, onlar nə ictimaiyyət, nə də jurnalistlərə maraqlı deyil və jurnalistlərə elə də açıq deyillər. Lakin əksər deputatlar açıqdır, onlarla nəinki parlamentdə, hətta  parlamentdən kənarda da danışmaq mümkün olur”.

“Bizim yol” qəzetinin əməkdaşı Pərviz Həşimli bildirib ki, Milli Məclisdə mediaya açıq olan deputatlar var.
“Azay Quliyev, Siyavuş Novruzov, Məlahət İbrahimqızı, Elmira Axundova, Fəzail Ağamalı, Aydın Mirzəzadə, Hadı Rəcəbli, Bahar Muradova və bir çoxlarını bu sırada göstərmək olar. Amma bu siyahı qane edici deyil. 125 deputatdan 20-25 nəfərin mətbuata açıq olması qane edici deyil. Xüsusilə Oqtay Əsədov media qarşısına çıxmasını arzu edirəm”.

“Yeni Musavat” qəzetinin əməkdaşı Elşad Paşasoy: “Bir sıra deputatlar var ki, əslində onların adlarını çəkməyə ehtiyac yoxdur. İstər iqtidar, istər müxalifət mətbu orqanların nümayəndələri həmin deputatlarla canlı və ya telefonla müsahibə götürə bilir. Bu mənada İqbal Ağazadə, Fazil Mustafa, Qüdrət Həsənquliyev, Vahid Əhmədov, Əli Məsimli, Bahar Muradova, Aqil Abbas, Çingiz Qənizadə, Gülər Əhmədova, Zahid Oruc, Fazil Mustafanı göstərmək olar. Ümumiyyətlə, 20-ə yaxın belə deputat var ki, mətbuatla təmasda heç bir problem yaşanmır. Bunlar ötən sessiyalarda da aktiv olublar”.
Lakin E. Paşasoy bildirib ki, bir sıra deputatlar da var ki, onlar özlərini məmur, nazir kimi aparırlar və nəinki onlarla, heç köməkçiləri ilə də əlaqə saxlayıb bir şey öyrənmək olmur. “Seçki dövründə ancaq onları görüb nəsə öyrənmək olar. Sanki danışmağı özlərinə qadağa qoyurlar və bu danışmağın kimlərinsə səhv düşünəcəyini və təhlükəli olacağını hesab edib danışmırlar. Bu isə ali qanunverici orqanın üzvlərinə hörmət gətirmir”.

“Ekspress” qəzetinin əməkdaşı Aqil Aslan bildirib ki, Qüdrət Həsənquliyev, Aydın Mirzəzadə, Hadı Rəcəbli, Musa Quliyev, Abel Məhərrəmov, Məlahət İbrahimqızı, Azay Quliyev, Zahid Oruc, Fazil Mustafa, İqbal Ağazadə, Musa Qasımlı, Vahid Əhmədov, Əli Məsimli, Əli Əhmədov, Fəzail Ağamalı, Fuad Muradov, Siyavuş Novruzov, Mübariz Qurbanlı jurnalistlərə yaxın millət vəkilləridir.
“Əvvəllər Qənirə Paşayeva da jurnalistlərə çox yaxın idi. Amma, şəxsən mən yaz sessiyası dövründə Qənirə xanımın jurnalistlərə açıqlama, müsahibə verdiyinin şahidi olmamışam. Dəfələrlə Qənirə xanımdan müsahibə götürmək istəmişəm, hər dəfə dediyi vaxtda Milli Məclisdə olmuşam, amma, nədənsə ya gəlməyib, ya da deyib ki, başqa vaxta qalsın. Neçə dəfə zəng etmişəm, hər dəfə söz versə də görüşümüz alınmayıb. Ona görə də ondan müsahibə götürməkdən vaz keçdim. Azay Quliyevi də jurnalistlərə yaxın hesab edirəm. Amma, nədənsə mobil telefonuna etdiyim zənglərə cavab vermir. Dəfələrlə hansı məsələ ilə bağlı ondan açıqlama götürmək istəsəm də, zəngimə cavab verməyib. Amma yuxarıda adlarını çəkdiyim deputatlar həmişə jurnalistlərə açıq olublar  və gördüyüm qədər həmişə jurnalistlərin suallarını cavablandırıblar”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Murad Əliyev: “Jurnalistlərin dostu Azərbaycan reallığında bir az abstrakt anlayışdır. Səbəbləri barədə çox dərinə getmək istəmirəm. Amma ümumilikdə Milli Məclisdə daim mətbuatla ünsiyyətə girən, sorğuları cavablandıran 15-20 deputat var. Düşünürəm mətbuatı azda-çoxdan izləyən oxucular həmin şəxsləri əzbər tanıyır, ad çəkməyə ehtiyac yoxdur. Digərləri də (mənim bir həmkarım əvvəllər dediyi kimi) öz işləri ilə məşğuldurlar. Əsas odur ki, şəxsən mənim üçün Milli Məclisin hər komitəsində heç olmazsa bir nəfər ünsiyyətcil deputat var”.

APA-nın əməkdaşı Rəşad Süleymanov mətbuata açıq deputatlar sırasında Bahar Muradova, Ziyafət Əsgərov, Zahid Oruc, Elxan Süleymanov, Qənirə Paşayeva, Hadı Rəcəbli, Çingiz Qənizadə, Azay Quliyev, Abel Məhərrəmov, Qüdrət Həsənquliyev, Ceyhun Osmanlı, Fazil Mustafanın adını çəkib.
“Adlarını çəkdiyim deputatlar heç zaman jurnalistlərə sərt davranmırlar, onlarla ünsiyyətdə mehriban olurlar və heç bir problem yaşanmır. Ümumiyyətlə, onlar mətbuatla əlaqələrə önəm verirlər və həmin millət vəkillərinə rahat çıxış imkanları olur”.

Aytən Əliyeva

Whatsapp
Bizə yazın!
Keçid et
Öz simasında xalqın sabaha inamını daşıyan xanım